Azərbaycanlı jurnalistlər “Levski”nin son məşqinə buraxılmadılar
04.08.2009 - 21:11
Azərbaycanlı jurnalistlər “Levski”nin son məşqinə buraxılmadılar
Azərbaycanlı jurnalistlərə “Levski”nin son məşqini izləmək mümkün olmayıb. Apasport.az saytının Sofiyaya ezam olunan müxbirinin verdiyi məlumata görə, buna səbəb rəqib komandanın serbiyalı baş məşqçisi Ratko Dostaniçin verdiyi vədə xilaf çıxmasıdır.

Hələ Dostaniçin keçirdiyi mətbuat konfransı zamanı məşqin ilk 10 dəqiqəsinin açıq olacağı bildirilmişdi. Ancaq azərbaycanlı jurnalistlər konfrans zalını tələsik tərk edib, stadiona gəldiyi zaman qapıların üzlərinə bağlı olduğunu görüblər. Jurnalistləri aldadan Dostaniç ümumiyyətlə, məşqin qapalı keçməyinə qərar verib və bu qadağa bolqar jurnalistlərə də şamil olunmuşdu.

Təsadüfi deyil ki, xüsusilə telekanalların nümayəndələri kənarda bir neçə dəqiqə gözlədikdən sonra, stadionun ərazisini tərk etdilər. Görünür Dostaniç “Bakı” ilə oyunöncəsi taktikasının üstünün açılmasında çəkinərək, belə bir qərar qəbul edib.
0