“...bu, Azərbaycanda milli bayrama çevriləcək”
04.08.2009 - 22:59
“...bu, Azərbaycanda milli bayrama çevriləcək”
“Bakı”nın baş məşqçisi Qyoko Hacıyevskinin mətbuat konfransı həmkarından 2 saat 40 dəqiqə sonraya təsadüf etdi. Jurnalistlərlə görüş Bakı vaxtı ilə saat 22:10-a təyin olunmuşdu. Makedoniyalı mütəxəssisin görüşünə çoxsaylı azərbaycanlı jurnalist ordusu ilə yanaşı, yerli televiziya və bir sıra nəşrlərin nümayəndələri də təşrif buyurmuşdular. Bolqar həmkarlarımız ilk saniyədəcə çaşqınlıq içinə düşdülər. Belə ki, Hacıyevski konfrans zalına daxil olar-olmaz dərhal azərbaycanlı jurnalistlərin gurultulu alqışları ilə qarşılandı.

- Sabahkı oyun haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Hər iki komanda üçün çox çətin qarşılaşma olacaq. Həmkarım haqlı olaraq, ilk oyundan sonra qeyd etmişdi ki, Sofiyada 25 minlik azarkeş kütləsinin qarşısında oynayacağıq. Bu, əlbəttə ki, Bolqarıstan çempionunun üstünlüyüdür. Bizim üstünlüyümüzə gəlincə, bu, ilk oyunda qapımızda qol buraxmamaqdır.
Bilirəm ki, “Levski” oyuna ciddi motivasiya olub. Bilirəm ki, qalib gələcəkləri təqdirdə azı Avropa Liqasına vəsiqə qazanacaqlar. Amma biz də öz şanslarımızı qoruyuruq. Deməsinlər ki, məğlub olacaqları təqdirdə, bu, “Levski” üçün utanc olacaq. Biz yoxlama görüşlərində Avropanın aparıcı klublarını məğlub etmişik. Doğrudur, klub kimi təcrübəmiz azdı. Bu fikirlə razıyam ki, “Levski” daha təcrübəlidir. Amma “Bakı” peşəkarlıq istiqamətində sürətlə inkişaf edir. Mən buna 100 faiz təminat verirəm. Yetirmələrimi 100 faiz sabahkı oyuna motivasiya etmişəm. Əminəm ki, komandam istənilən rəqiblə vuruşa bilər. Biz “Sent-Culiya”, Andorra, Lixtenşteyn komandası deyilik. İstəmirəm təxribatçı fikirlər səsləndirim. Biz də güclü rəqibləri məğlub edib çempion olmuşuq. Azərbaycanda çempionluğumuza heç kim şübhə etmədi. Əgər sabah mərhələ keçsək, bu, Azərbaycan üçün tarix olacaq. Siyasətə, reklama baş vurmaq istəmirəm, amma sabah qalib gəlsək, bu, Azərbaycanda milli bayrama çevriləcək. Biz 100 faizdən də artıq əzmkarlıq nümayiş etdirəcəyimizə təminat verirəm. Heyəti deməyəcəm. Çünki, rəqib komandanın hansı 9 futbolçusunun start heyətinə daxil ediləcəyini dəqiq bilirəm. Ötən oyunla müqayisədə bəzi dəyişikliklər olacaq. Meydanda ən yaxşılar olacaq. Hazırda ən başlıca məqsədimiz psixoloji cəhətdən hazırlanmaqdır.

- Komandanın sabahkı görüşə köklənməsi hansı səviyyədədir?
- Hələ heç bir oyuna belə köklənməmişdik. Hazırlığımız ən yüksək səviyyədədir.

- “Levski”nin baş məşqçisi keçirdiyi mətbuat konfransında sizdən sürpriz gözlədiyini demişdi. Onu sözlərinə peşman edəcəksinizmi?
- Düşünürəm ki, o, “Bakı”dan sürpriz gözləsə də qələbə qazanacağımıza inanmır.

- Niyə məhz MOİK-in parkını gəzdiniz? Axı MOİK və “Levski” heç də qardaş münasibətlərində deyillər.
- Burda qeyri-adi bir şey yoxdur. Sadəcə, ən yaxın park MOİK-ə məxsus olan bazada yerləşir. İstəsəydim içəri daxil ola bilərdim. Bu addımı ona görə atmadım ki, düşünməsinlər ki, təxribatla məşğulam. Xahiş edirəm, bu məsələyə MOİK “Levski” prizmasından yanaşılmasın.

- Feliksin durumu necədir?
- Həmin ağır zədədən sonra 2 gün istirahət etdi. Amma indi komandayla birgə məşq edir və ümid edirəm ki, sabah “Bakı”ya kömək edəcək.

- Rəqib komandaının baş məşqçisi daha şanslı olduqlarını söyləyib. Siz necə düşünürsünüz?
- Bu, onun fikridir. Axı doğma publika qarşısında oynayacaqlar. Amma kimin güclü olduğunu meydanda görəcəyik. Mən öz şanslarımızı rəqibdən az dəyərləndirmirəm.

- Əlavə vaxt və penaltiyə hazırsınızmı?
- Aparıcı oyunçular adətən penaltidə səhvə yol verirlər. Əsas həmin anda tam konsentrasiya olmaqdır.
0