95-ci dəqiqədə avtoqol və əlvida, Çempionlar Liqası!
05.08.2009 - 10:08
95-ci dəqiqədə avtoqol və əlvida, Çempionlar Liqası!
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin dördüncü təsnifat mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran digər 5 komanda isə Avropa Liqasının dördüncü təsnifat mərhələsinə yollanıb.

“Sivasspor”u ilk oyunda darmadağın etmiş “Anderlext” istisna olmaqla, digər 4 klub istəyinə çətinliklə çatıb. Ən maraqlı hadisələr Hayfada cərəyan edib. Yerli “Makkabi”nin qonağı olan “Aktobe” ilk 15 dəqiqədə israilliləri “qol yağışı”na tutub. Lakin 3 qoldan sonra ruhdan düşməyən meydan sahibləri Qazaxıstan təmsilçisinin qapısına 4 dəfə yol tapa bilib.

Avstriya çempionu “Zalsburq” səfərdə Zaqreb “Dinamo”sunu üstələyib. “Panatinaikos” isə Çexiya “Sparta”sına iki top fərqi ilə məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. “Sportinq”in isə sadəcə bəxti gətirib. Öz meydanında “Tvente” klubu ilə qolsuz heç-heçə edən Lissabon təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb. Maraqlıdır ki, matçın 2-ci dəqiqəsində hesabı açan hollandiyalılar oyuna əlavə olunmuş 5-ci dəqiqənin sonlarında avtoqol edib və Çempionlar Liqası ilə vidalaşıb.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin digər cavab görüşləri bu gün keçiriləcək.

“Makkabi” (Hayfa, İsrail) – “Aktobe” (Qazaxıstan) - 4:3
Katan, 26, Qolsa, 34, Dvalişvili, 59, 62 - Averçenko, 8, Çiçulin, 13, Xayrullin, 15
İlk oyun- 0:0

“Sivasspor” (Türkiyə) – “Anderlext” (Belçika) - 3:1
Ersen Martin, 12, Kamanan, 19 (pen.), Aydın Musa, 58 - van Damm, 34
İlk oyun- 0:5

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Zalsburq” (Avstriya) - 1:2
Papadopulos, 47 - Svento, 33, Neliss, 83
İlk oyun- 1:1

“Panatinaikos” (Yunanıstan) – “Sparta” (Praqa, Çexiya) - 3:0
Sarrieqi, 45, Katsuranis, 54, Salpinqidis, 89
İlk oyun- 1:3

“Tvente” (Hollandiya) – “Sportinq” (Portuqaliya) - 1:1
Duqlas, 2 - Visqerxof, 90+5 (avtoqol)
İlk oyun- 0:0
0