“Təyyarə ilə bağlı problem çıxsa, onun təkəri deşilsə, bunlar hamısı mənlikdir”
05.08.2009 - 10:39
“Təyyarə ilə bağlı problem çıxsa, onun təkəri deşilsə, bunlar hamısı mənlikdir”
“Bakı”nın “Levski” səddini aşacağına inanıram. Ümid edirəm ki, Sofiyada keçiriləcək cavab görüşündə Çempionlar Liqasının növbəti mərhələsinə adlamaq istəyimiz reallaşacaq. Komandamızdan yalnız qələbə gözləyirəm”. Apasport.az saytının Sofiyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Elman Zeynalov azərbaycanlı jurnalistlərlə söhbətində deyib.

Bolqarıstanda ilk səfirimiz olan Zeynalov artıq 4 ildir bu vəzifədə çalışır. O, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün oynanılacaq “Levski” - “Bakı” matçını stadionda canlı izləyəcək. Bununla yanaşı, səfir ölkə çempionumuzun son məşqinə də gəlməyi özünə borc bilib. Özü də o, növbəti mərhələyə çıxmağa imkan verən istənilən məhsuldar heç-heçəyə yox, yalnız qələbəyə köklənib.

Bolqarların türklərə münasibətləri barədə suala cavab verən Zeynalov məsələyə münasibətini açıqlayıb: “Bolqarlar bilirlər ki, biz türklərlə qardaşıq. Bilirsiniz, millətçi üçün bir bəhanə lazımdır. Siz belə şeylərə fikir verməyin. Bizim üçün əsas qələbədir. Birdən təyyarə ilə bağlı problem çıxsa, onun təkəri deşilsə, bunlar hamısı mənlikdir. Təki qələbə olsun! Biz qalib gələk, təyyarə məsələsini mən həll edəcəyəm”.

Qeyd edək ki, “Levski” ilk oyundan sonra Bakıda hava limanında yubandığından narazılıq etmişdi. Buna görə də onlar “Bakı”nın çarter reysini Sofiyaya buraxmaq istəməsələr də, sonradan geri çəkiliblər.
0