“Xəzər-Lənkəran”: yenə 3 qol, yenə məğlubiyyət
05.08.2009 - 10:51
“Xəzər-Lənkəran”: yenə 3 qol, yenə məğlubiyyət
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələri Rumıniyanın ikinci dəstə təmsilçisi “Universitatya” (Kluj) klubu ilə qarşılaşıb. Lənkəranlılar bu matçda 1:3 hesabı ilə məğlub olublar.

Görüşün birinci hissəsində qapılara qol vurulmayıb. İkinci hissə başlayan kimi “Xəzər-Lənkəran”da baxışda olan honduraslı hücumçu Allan Lalinin ötürməsindən sonra Mario Souza hesabı açsa da, rumıniyalılar ruhdan düşməyiblər. Qalan vaxtda onlar 3 qol vuraraq, qələbə qazanıblar.

Zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalan qapıçı Kamran Ağayevin ikinci hissədə meydana çıxdığı qarşılaşmada Mircavadov Panama milli komandasının gənc hücumçusu Edvin Agiları da sınayıb. Mütəxəssis baxışda olan amerikalıların ikisini də növbəti yoxlama matçınadək saxlamağı məqsədəuyğun sayıb. O, Lalin və Agiları avqustun 6-da Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna qarşı keçiriləcək növbəti görüşdə bir daha sınamaq istəyindədir.

Qeyd edək ki, Avstriya toplanışında ardıcıl ikinci dəfə məğlubiyyətlə üzləşən “Xəzər-Lənkəran” bir neçə gün öncə Yunanıstanın “Aris” klubuna da uduzmuşdu – 2:3.
0