Bolqarlar vurmadığımız qolu hesaba alıblar
05.08.2009 - 11:16
Bolqarlar vurmadığımız qolu hesaba alıblar
Bolqarlar Bakının “Neftçi” klubunun avrokuboklardakı nəticəsini səhv salıb. Apasport.az saytının Sofiyaya ezam olunan müxbirinin verdiyi məlumata görə, onlar komandamızın 13 il öncə UEFA kubokunun ilk mərhələsində Sofiyada yerli “Lokomotiv” klubuna 1:6 hesabı ilə uduzduğunu zənn edir.

Bunu jurnalistlərə “Levski”nin avrokuboklardakı çıxışı ilə bağlı paylayan siyahıya diqqət yetirdikdə görmək olar. Əslində, 1996-cı il iyulun 24-də baş tutan həmin görüşdə biz qol vurmamışıq və meydanı 0:6 hesablı məğlubiyyətlə tərk etmişik. Düzdür, bu, mexaniki səhv də ola bilər. Ancaq digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, “Bakı” - “Levski”dən savayı, bolqarla avrokuboklarda cəmi bir dəfə üz-üzə gəlmişik və bu da elə “Neftçi” ilə “Lokomotiv”in oyunudur. Yəni belə vəziyyətdə diqqətsizliyə bəraət qazandırmaq düzgün olmazdı. Yaxşı ki, bolqarlar səhvi də necə deyərlər, insafən ediblər. Onlar öz vurduğu qolların sayını artırmayaraq, əksinə, vurmadığımız qolu hesabımıza yazırlar.

Qeyd edək ki, “Neftçi” ilə “Lokomotiv” arasında 1996-cı il iyulun 17-də Bakıda keçirilən ilk oyun 2:1 hesablı qələbəmizlə nəticələnib. Bu, klublarımızın artıq 16 ildir çıxış etdiyi avrokuboklar tarixinə ilk qələbəsi kimi tarixə düşüb.
0