Hafiz Məmmədovdan xəbərdarlıq: Təxribata uymayın!
05.08.2009 - 11:28
Hafiz Məmmədovdan xəbərdarlıq: Təxribata uymayın!
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov bu gün Bolqarıstanda yerli “Levski”yə qarşı keçiriləcək Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündən öncə futbolçulara mənəvi dəstək verməklə yanaşı, öz tövsiyələrini də çatdırıb. Apasport.az saytının Sofiyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Məmmədov komandanın üzvlərinə xəbərdarlıq edib. O bildirib ki, cavab matçında təxribata uymaq lazım deyil.

“Levski” səddini aşacağımıza, uğurlu nəticə qazanacağımıza inamım böyükdür. Amma həlledici görüşdə meydanda rəqibin təxribatına getmək, baş hakimə narazılıq edib, yersiz vərəqə almaq, nəticədə komandanı çətin vəziyyətdə qoymaq yolverilməz sayılır. İlk oyunda norveçli baş hakimin qərarları heç kimin yaddaşından silinməyib. Lakin bu artıq geridə qalıb” - deyə prezident vurğulayıb.

Məmmədov komandaya mənəvi dəstək olan azərbaycanlı jurnalistlərə də öz minnətdarlığını çatdırıb.
0