Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində yenə irəlilədi
05.08.2009 - 14:28
Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində yenə irəlilədi
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə, iki pillə irəliləyib. İndi milli komandamız 137-ci yerdədir. Bir ay əvvəl olduğu kimi, hesabında yenə 175 xal olan yığmamız UEFA-nın reytinqində 48-ci pillədə qalıb.

Almaniyalı mütəxəssis Berti Foqtsun rəhbərlik etdiyi kollektiv son bir ayda heç bir oyun keçirməyib. Lakin bu da irəliləməyə kifayət edir. Yığmamız ardıcıl 3 aydır, mövqeyini yaxşılaşdırmaqda davam edir. Mayda 142-ci olan komanda bu müddətdə üst-üstə 5 pillə irəliləyib.

Yığmamızın 2010-cu dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə Rusiya yenə ilk “onluq”da qərarlaşıb. Avqustun 12-də Bakıda qonağımız olacaq almanlar 1195 xalla 4-cüdür. Rusiya, Finlandiya və Uels bir ay öncəki mövqelərini qoruyaraq, müvafiq olaraq, 6-cı, 52-ci və 67-ci yeri tutur. Lixtenşteyn yenə 3 pillə irəliləyərək, 150-ci sıraya yüksəlib.

Siyahıya liderlik edən komandalar dəyişməyib. Braziliya planetin ən güclü komandasıdır. 1642 xalı olan cənubi amerikalılar ən yaxın izləyicisi İspaniyanı 52 xal qabaqlayır. Üçüncü pillədə isə Hollandiya (1379 xal) yer alıb. Qardaş Türkiyə yığması 809 xalla 28-ci sıradadır.
0