“Levski” “Bakı”nı 3:0 hesabı ilə məğlub edəcək”
05.08.2009 - 14:57
“Levski” “Bakı”nı 3:0 hesabı ilə məğlub edəcək”
Bolqarıstan “Levski”sinin veteran futbolçuları komandalarının Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinə yüksələcəyinə inanır. Apasport.az saytının məlumatına görə, onlar üçüncü təsnifat mərhələsində “Bakı” ilə bugünkü cavab oyunu barədə fikirlərini açıqlayıblar.

İki dəfə futbolçu və bir dəfə məşqçi kimi “Levski” ilə Bolqarıstan çempionluğunu qazanmış İvan Vutsov nikbindir: “Levski”nin “Bakı” ilə oyununda qələbədən başqa çıxış yolu yoxdur. Əminəm ki, sofiyalılar bunu bacaracaq”.

Ötən əsrin 90-cı illərində Sofiya təmsilçisinin ulduzlarından olmuş Marian Xristov isə daha iddialı danışıb: “Hər şey aydındır. “Levski” “Bakı”nı 3:0 hesabı ilə məğlub edəcək”.

Bolqarıstan milli komandasının sabiq baş məşqçisi, “Levski”nin heyətində çempion tituluna və kuboka yiyələnmiş Angel Stankov həmkarından fərqli, ehtiyatla danışıb: “Levski” - “Bakı“ oyunu barədə proqnoz vermək? Yox. Yaxşısı budur ki, Çin əlifbasını deyim, amma bunu yox. Komandamız üçün çətin olacaq. İlk növbədə qapımızın toxunulmazlığını saxlamalıyıq ki, qol buraxmayaq. Sonra mümkün qədər çox qol imkanı yaratmalıyıq. Düşünürəm ki, Bakıdakı matçda Orteqanın oynaması səhv addım idi. İki məşqdən sonra belə oyuna futbolçu çıxarmazlar”.

“Levski” ilə üç dəfə Bolqarıstan çempionu olan İliyan İliyev arxayınlaşmamağı məsləhət görür: “Təbii ki, komandamızın “Bakı”nı keçmək şansları böyükdür. Axı, rəqib heç kimin tanımadığı bir komandadır. Lakin bu amil aldadıcı da ola bilər. Ona görə arxayınlaşmağa ehtiyac yoxdur. Bilirəm ki, bakılılar böyük büdcəyə malikdir. Lakin keçilməz komanda deyil”.

Baş məşqçi kimi “Levski”yə iki dəfə ölkə çempionluğu bəxş etmiş Georgi Vasilyev də həmyerlilərinə inanır: “Fikrimcə, matçda vurulan qol həm də həlledici olacaq. İnanıram ki, bu qolu bolqarlar vuracaqlar. “Bakı”ya gəlincə, onlar keçiləsi rəqibdir. Onların çox münasib üslubu var. Qonaqlarımız qapalı oynamadıqlarından, matçı “öldürmürlər”. Bu da bizim üçün çox yaxşıdır”.

Dördqat Bolqarıstan çempionu Pavel Panov da sabiq komandasının üstünlüyündən dəm vurub: “Levski” “Bakı” ilə qarşılaşmada problem yaşamamalıdır. Ən azı ona görə ki, neçə illərdir Avropada oynayırıq. Böyük təcrübəmiz var. Düzdür, “Bakı”nın çox yaxşı legionerləri var. Onların oyununa baxanda adam lap zövq alır. Amma bu gün bizim sevimli komandamız qalib gələcək”.
0