Yoahim Löv: Azərbaycanla səfər matçımız çətin olacaq - MÜSAHİBƏ
05.08.2009 - 18:39
Yoahim Löv: Azərbaycanla səfər matçımız çətin olacaq - MÜSAHİBƏ
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv yerli mətbuata geniş müsahibə verib. Apasport.az saytının məlumatına görə, Almaniya çempionatı, yığmanın Asiya səfəri və bir sıra mövzulara toxunan mütəxəssis avqustun 12-də Bakıda Azərbaycan milli komandasına qarşı keçiriləcək dünya çempionatının seçmə oyununa da toxunub. 49 yaşlı çalışdırıcının Azərbaycanla bağlı fikirlərini təqdim edirik.

- Azərbaycanla oyun haqda nə düşünürsünüz?
- Dünya çempionatının seçmə mərhələsi başa çatmaq üzrədir. Belə bir məqamda hər hansı rəqibi qiymətləndirməmək düzgün olmazdı. Məhz bu səbəbdən Bakıdakı qarşılaşma böyük önəm kəsb edir. Bizim də vəzifəmiz oyuna ciddi yanaşıb, istəyimizə çatmaqdır.

- Hamı deyir ki, qrup qalibi Rusiya ilə matçda həll olunacaq. Qorxmursunuz ki, belə fikir digər qarşılaşmaların axarına mənfi təsir göstərsin?
- Bizim növbəti çətin oyunlarımız Azərbaycan və Rusiya ilə səfərdəki matçlardır. Lakin indi yalnız Bakı səfərini düşünürük. Rusiya bizim üçün hələ birinci dərəcəli deyil. Axı hələ Azərbaycanla oyun var.

- Ola bilərmi ki, dünya çempionatına birbaşa düşməyib, pley-offda oynayasınız?
- İndi bu məsələ gündəmdə deyil. Rusiya güclü rəqibdir. Amma hər şey öz əlimizdədir.

- Cümə günü Azərbaycanla matça çağıracağınız oyunçuların siyahısını açıqlayacaqsınız. Sürprizlər olacaq?
- Eksperiment vaxtı deyil. Buna görə də sürpriz olmayacaq.

- Mixael Ballakın durumu necədir? O, heyətdə yer alacaq?
- Mənə elə gəlir ki, Ballak da bizimlə olacaq.

- Onun Azərbaycanla oyunda iştirakı belə vacibdir ki?
- Ballakın zəngin təcrübəsi və yüksək ustalığı var. Ən əsası o, komandanın əsl lideridir.
0