Emin Ağayev: Qoy, “Zenit” gəlsin!
06.08.2009 - 09:41
Emin Ağayev: Qoy, “Zenit” gəlsin!
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin çıxış etdiyi Rusiyanın “Volqa” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, tverlilər ölkə kubokunda daha bir uğur qazanıb.

Bu yarışda uzun marafon qət edən və hətta Rusiya çempionu “Rubin”i də mübarizədən kənarlaşdıran “Volqa” bu dəfə 1/4 finala çıxıb. Eminin kapitanı olduğu komanda 1/8 final mərhələsində Kalininqrad “Baltika”sı ilə görüşüb. Matçın əsas və əlavə vaxtından sonra hesab 2:2 olduğundan, qarşılaşmanın taleyini penaltilər seriyası aydınlıq gətirib. Bu zərbələri də Tver təmsilçisi daha yaxşı yerinə yetirib. Maraqlıdır ki, həlledici zərbəni də 36 yaşlı həmyerlimiz yerinə yetirib. Ağayev komandasının sonuncu, 5-ci zərbəsini qola çevirməklə, penaltilər seriyasında hesabı 4:2-yə çatdırıb və nəticədə “Volqa” növbəti mərhələyə yüksəlib.

Eminin komandası Rusiya kubokunun 1/4 finalında Sankt-Peterburqun “Zenit” klubu ilə qarşılaşacaq. Oyunlar gələn ilin yazında baş tutacaq.

Qeyd edək ki, “Volqa” Rusiya çempionatının ikinci divizionunda yarışır.
0