Rəqib düşərgə “Bakı”nı təriflədi
06.08.2009 - 10:33
Rəqib düşərgə “Bakı”nı təriflədi
“Bakı” üzərində 2:0 hesablı qələbədən sonra “Levski”nin baş məşqçisi Ratko Dostaniç mətbuat konfransı keçirib. Apasport.az saytının Sofiyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, serbiyalı mütəxəssis Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşüb.

“Futbolçularımı yaxşı oyun və layiqli qələbə münasibəti ilə təbrik edirəm. Bu gün əsl gücümüzü göstərdik. Həqiqətən də yetirmələrim əla oynadılar. Biz səbir nümayiş etdirərək, vaxtımızı gözlədik. Azarkeşlərimizə xüsusi təşəkkürümü çatdırıram. Onlar 12-ci oyunçu oldular” - deyə Dostaniç vurğulayıb.

O, “Bakı” səddini aşdıqları üçün maddi cəhətdən də qazandıqlarını nəzərə çatdırıb: “Çempionlar Liqasında yolumuzu davam etmək bizə maliyyə cəhətdən də xeyli yardım edəcək. Artıq ən azı 8 oyun keçirmək hüququ qazandıq. Bu, Avropa təcrübəmizi artıracaq. Biz balkanlılar emosional millətik və hücuma atılmağı sevirik. Amma bu gün isti başla hücuma getməməyi bacardıq. Əlbəttə, qol buraxsaydıq çətin olacaqdı. Amma kollektiv oyun sayəsində buna imkan vermədik. Rəqib komandanı da gözəl oyun münasibəti ilə təbrik edirəm”.

Xatırladaq ki, “Bakı” və “Levski” arasında bir həftə öncə keçirilmiş oyun 0:0 hesabı ilə nəticələnmişdi.
0