UEFA Feliks Felipe Almeydanı diskvalifikasiya edəcək
06.08.2009 - 12:30
UEFA Feliks Felipe Almeydanı diskvalifikasiya edəcək
“Bakı”nın məşqçi korpusu braziliyalı futbolçu Feliks Felipe Almeydanın xidmətindən məhrum olub. Apasport.az saytının hesablamalarına görə, klubun avrokuboklar tarixində ən yaxşı bombardiri olan 24 yaşlı hücumçu cəzalı duruma düşüb.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin Bolqarıstan “Levski”si ilə cavab matçının 1-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılan legioner turnirdə ikinci xəbərdarlığını alıb. Bu isə növbəti qarşılaşmada Feliksə oynamaq imkanı vermir.

Litva “Ekranas”ı ilə ilk görüşün 90+4-cü dəqiqəsində sarı vərəqə almış cənubi amerikalı cəzasını başqa yarışda çəkəcək. Ona diskvalifikasiya Avroliqada tətbiq olunacaq. Futbolçu Avroliqanın dördüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında “Bakı”ya kömək edə bilməyəcək.

Qeyd edək ki, Feliksə qədər “Bakı”nın daha iki futbolçusu - Xalidu Sissoko və Bəxtiyar Soltanov cəzalı duruma düşmüşdü. Onlar “Levski” ilə ilk oyunu kənardan izləyiblər.
0