Berti Foqts 4 futbolçuya qapını göstərdi
06.08.2009 - 12:49
Berti Foqts 4 futbolçuya qapını göstərdi
Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamızın baş məşqçisi Berti Foqts dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində avqustun 12-də Almaniyaya qarşı keçiriləcək oyuna 21 futbolçu çağırıb.

Foqts 27 iyul - 6 avqust aralığında futbolçuları ilk hazırlıq mərhələsində sınayıb. Bu zaman bir sıra oyunçular onun etimadını qazana bilməyib. Beləliklə, 63 yaşlı çalışdırıcı ilk hazırlıq mərhələsi ilə müqayisədə, heyətdə müəyyən dəyişikliklər edib. Daha doğrusu, o, 4 futbolçunu yığmadan kənarlaşdırıb. Bunlar “Simurq”dan Rauf Mehdiyev, Sergey Sokolov, “İnter”in müdafiəçisi Vladimir Levin və “Neftçi”nin yarımmüdafiəçisi Elmar Baxşıyevdir.

Almaniya ilə matç öncəsi milli komandamızda cəmi iki qapıçı var. Tezliklə yığmanın düşərgəsinə daha bir futbolçu cəlb olunacaq. Bu, “Bakı”nın gənc yarımmüdafiəçisi Bəxtiyar Soltanovdur.

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü avqustun 12-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“İnter”).

Müdafiəçilər: Rəşad Sadıqov, Elnur Allahverdiyev (hər ikisi “Qarabağ”), Samir Abbasov, Mahir Şükürov (hər ikisi “İnter”), Cəmşid Məhərrəmov, Saşa Yunisoğlu (hər ikisi “Bakı”), Rail Məlikov (“Neftçi”), Ernani Pereyra (klubsuz).

Yarımmüdafiəçilər: Elvin Məmmədov (“Qarabağ”), Cavid Hüseynov, Aleksandr Çertoqanov (hər ikisi “İnter”), Fabio Luis Ramim, Bəxtiyar Soltanov (hər ikisi “Bakı”), Araz Abdullayev (“Neftçi”), Zeynal Zeynalov (“Standard”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”).

Hücumçular: Daniel Axtyamov (“Minsk”, Belarus), Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi “Qarabağ”).
0