Bakıya bu komandalar gələ bilər: “Valensiya”, “Ayaks”, “Vilyareal”...
06.08.2009 - 15:09
Bakıya bu komandalar gələ bilər: “Valensiya”, “Ayaks”, “Vilyareal”...
Avropa Liqasının dördüncü təsnifat mərhələsində çıxış edəcək “Bakı” klubunun potensial rəqiblərindən 22-si məlumdur. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Levski” klubuna 0:2 hesabı ilə uduzan bakılılar Avroliqada yarışacaq. “Zolaqlılar” bu turnirin qrup mərhələsinə qatılmaq üçün 38 vəsiqəyə iddiaçı 76 komandadan biridir.

Bu ildən 48 komandanın 12 qrupda qüvvəsini sınayacağı yarışın iştirakçılarından 10-nu Çempionlar Liqasının dördüncü təsnifat mərhələsində uduzanlar, 38-ni Avropa Liqasının dördüncü təsnifat mərhələsinin qalibləri təşkil edəcək. 26 klub mübarizəyə birbaşa dördüncü təsnifat mərhələsindən başlayacaq. Bu mərhələdə yarışacaq 76 komandadan 42-si artıq məlumdur. Onlardan hansının “Bakı” ilə görüşə biləcəyi də müəyyənləşib.

Sabah keçiriləcək püşkatmada 76 klub reytinqinə görə iki qrupa bölünəcək. Ənənəvi səpələnmə prosesində “Bakı” ikinci, zəiflərin səbətində yer alacaq. Onların potensial rəqibi olan 38 komandadan isə artıq 22-si bilinir. Digər 16 komanda isə bu gün məlum olacaq.

“Bakı”nın hələlik məlum olan potensial rəqibləri: “Valensiya”, “Vilyareal” (hər ikisi İspaniya), “Verder”, “Herta” (hər ikisi Almaniya), “Şaxtyor” (Ukrayna), “Zenit” (Rusiya), “Benfika” (Portuqaliya), “Ayaks”, “Herenven”, “Tvente” (hamısı Hollandiya), “Everton”, “Aston Villa” (hər ikisi İngiltərə), “Latsio” (İtaliya), “Slaviya”, “Sparta” (hər ikisi Çexiya), “Dinamo”, ÇFR (hər ikisi Rumıniya), AEK (Yunanıstan), “Partizan” (Serbiya), “Dinamo” (Xorvatiya), “Tuluza”(Fransa), “Liteks” (Bolqarıstan).

Qeyd edək ki, bu gün “Honka” səddini adlayacağı təqdirdə, “Qarabağ” da “Bakı”nın yer aldığı səbətə düşüb eyni potensial rəqiblərə malik olacaq. Avropa Liqasının püşkü sabah Bakı vaxtı ilə saat 16:30-da İsveçrənin Nyon şəhərində keçiriləcək.
0