Qurban Qurbanov: Buna qələbə ilə nail olmağın başqa ləzzəti var
06.08.2009 - 22:26
Qurban Qurbanov: Buna qələbə ilə nail olmağın başqa ləzzəti var
“İlk görüşdə qələbə qazansaq da, arxayınlaşmamışdıq. Rəqib heç də zəif deyildi və bu səbəbdən biz “Honka” ilə matça ehtiyatla çıxmışdıq”. Apasport.az saytınınməlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Avroliqanın üçüncü təsnifat mərhələsinin cavab matçında “Honka” (Finlandiya) ilə oyundan sonra təşkil olunan mətbuat konfransında Qurbanov bildirib ki, komandası yenə tarix yazmaq iddiasındadır: “Birinci hissədə futbolçular həyəcanlı idilər. Fasilədə onlarla söhbətimiz oldu. Allaha şükür ki, bunun nəticəsini gördük. Onlar ikinci hissədə oyuna köklənə bildilər. Sevindirici haldır ki, 4 oyunun hamısında 2-ci hissədə fərqli oynayırıq. Ümumiyyətlə, futbolçularımız möhtəşəm oynadılar”.

Qurbanov bildirib ki, havanın isti olması da oyuna təsir edib: “İlk hissədə səhvlər çox oldu. Havanın isti olması təsirsiz ötüşmədi. Ancaq ən əsası yenə tarix yazdıq. Özü də buna qələbə ilə nail olmağın başqa ləzzəti var. Xoşbəxtəm ki, yenə tarix yazdıq. Azarkeşlərə, jurnalistlərə dərin təşəkkürümü bildirirəm. Bizə hər zaman dəstək olursunuz. Uğurlarımızda hamınızın payı var”.
0