“Rəşad Sadıqovun transferində heç bir problem qalmayıb”
07.08.2009 - 11:18
“Rəşad Sadıqovun transferində heç bir problem qalmayıb”
Türkiyənin “Kocaelispor” klubu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun yolunu gözləyir. Apasport.az saytının İzmit mətbuatına istinadən yaydığı məlumata görə, “Kocaelispor”un Transfer Komitəsinin rəhbəri Adnan Yaman “Qarabağ”ın heyətində Avroliqada parlaq oyunu ilə yadda qalan 27 yaşlı müdafiəçimizin qayıdışına əmindir.

Onun sözlərinə görə, Rəşad Superliqada olduğu kimi, birinci liqada da komandalarının şərəfini qoruyacaq: “Sadıqov Avroliqanın üçüncü təsnifat mərhələsinin cavab görüşündən dərhal sonra Türkiyəyə gələcək. Onun transferində heç bir problem qalmayıb. Azərbaycanlı futbolçu ilə yeni anlaşma imzalayacağıq”.

Yamanın bu açıqlamasından sonra “Kocaelispor” azarkeşləri maraq və həyəcanla Rəşadın dönüşünü gözləyirlər. Elə komandanın yeni baş məşqçisi Cihat Arslanın heyətlə bağlı sıxıntı içərisində olması, xüsusilə mərkəz müdafiəçisinə ehtiyac duyması və rəhbərliyə hesabat verməsi də Sadıqova olan ehtiyacdan xəbər verir: “Heyətlə bağlı böyük çatışmazlıqlarımız var. Yeni mövsüm öncəsi transfer üçün son fəaliyyətlərimizi həyata keçiririk. Rəhbərliyə müraciətin cavabını gözləyirəm. İstədiyim oyunçuların alınacağına inanıram. İndiki heyətdə bəzi futbolçuların səviyyəsi bu liqa üçün yetərli deyil. Bu heyətlə oynasaq, işimiz çox çətin olacaq. 5-6 futbolçu almalıyıq. Xüsusilə müdafiənin mərkəzində ciddi problemlərimiz var. Əlimizdə bir mərkəz müdafiəçisi var. Məcburiyyətdən Cem Sinanı burada oynadıram. Çox sağlam iki mərkəz müdafiəçisinə ehtiyacımız var”.

Qeyd edək ki, Yaman “Rusenborq”la cavab görüşü öncəsi Bakıya gələrək, oyunu Respublika stadionundan izləmiş, həmin görüşdə qol vuran Rəşadı təbrik etmişdi. Futbolçumuz “Kocaelispor”un rəsmisi ilə danışıqlarda ortaq məxrəcə gəldiklərini, ancaq sonradan müqaviləyə daxil edilən bir bəndlə razılaşmadıqlarını bildirmişdi. Sadıqovla Avroliqada kömək etməklə bağlı anlaşan “Qarabağ” da onu saxlamaq istəyir və rəsmi təklif irəli sürüb. İndi son seçim müdafiəçinin özünə qalıb.
0