Svetkov “Xəzər-Lənkəran”ı qələbəyə daşıdı
07.08.2009 - 12:19
Svetkov “Xəzər-Lənkəran”ı qələbəyə daşıdı
“Xəzər-Lənkəran” klubu Avstriyada keçirdiyi təlim-məşq toplanışını qələbə ilə başa çatdırıb. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun çalışdırdığı komanda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunu 2:1 hesabı ilə məğlub edib.

Oyunda hesabı “Xəzər-Lənkəran”ın bombardiri İvan Svetkov açıb. Bolqar hücumçu braziliyalı komanda yoldaşı Mario Souzanın uzun ötürməsini qolla tamamlayıb. Lakin “Əl-Cəzirə” ilk hissənin sonlarında penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

“Xəzər-Lənkəran” qələbə topunu final fitinə 13 dəqiqə qalmış vurub. Bu dəfə də səhnəyə Svetkov çıxıb və dublu rəsmiləşdirməklə, oyunun qəhrəmanına çevrilib. Mircavadov bu matçda yalnız braziliyalı Junior Osvaldo ilə Ramazan Abbasova şans verməyib. Buna səbəb hər iki futbolçunun yüngül zədəsinin olmasıdır.

Qeyd edək ki, Avstriyanın Karpun şəhərində keçirdiyi 5 yoxlama oyununun 3-də qələbə qazanıb, 2-də uduzan “Xəzər-Lənkəran” artıq Vyanaya gəlib və axşam saatlarında Bakıda olacaq. Bundan sonra qısa istirahətə buraxılacaq lənkəranlılar avqustun 10-da yenidən bir araya gələcəklər. Məşqləri Lənkəranda bərpa edəcək komanda yeni mövsümə hazırlığı da orada yekunlaşdıracaq. “Xəzər-Lənkəran” Premyer Liqanın ilk turu çərçivəsində avqustun 15-də evdə son çempion “Bakı” ilə görüşəcək.
0