“Simurq”u aldadan baş məşqçi rekordçu oldu
07.08.2009 - 12:54
“Simurq”u aldadan baş məşqçi rekordçu oldu
Azərbaycan təmsilçisini məğlub etmiş klub cari mövsümdə avrokubokların rekordçusu olub. Apasport.az saytının hesablamalarına görə, “Simurq”u ilk təsnifat mərhələsində hər iki oyunda üstələmiş (1:0 və 3:0) “Bney Yehuda” (İsrail) nəinki Avroliqanın, ümumiyyətlə, avrokubokların cari mövsümündə mübarizəni ilk mərhələdən və indiyədək çıxışını davam etdirən, eyni zamanda yüz faizlik nəticə göstərən yeganə komandadır.

Özü də İsrail təmsilçisi keçirdiyi 6 oyunun hamısında qələbə qazanmaqla yanaşı, qapısının toxunulmazlığını da qoruya bilib. Avroliqaya qatılan heç bir analoji nəticə göstərə bilməyib.

Ən təəccüblüsü isə odur ki, “Bney Yehuda”nın baş məşqçisi Qay Luzon Bakıdakı oyundan öncə keçirdiyi mətbuat konfransında avrokuboklara əhəmiyyət vermədiklərini, “Simurq”la görüşə məğlubiyyət üçün çıxacaqlarını bildirmişdi. Mətbuat konfransının ertəsi günü israillilər minimal hesabla qalib gəlmişdilər. Göründüyü kimi, baş məşqçinin dedikləri ilə komandasının çıxışı tam fərqlidir və belə məlum olur ki, bu açıqlama rəqibi aldatmaq, qarşı tərəfi arxayınlaşdırmaq taktikası imiş.

Qeyd edək ki, Avroliqada mübarizəyə Bakıda başlayan “Bney Yehuda” ikinci təsnifat mərhələsində Latviya “Dinaburq”una (4:0; 1:0), ardından Portuqaliya “Pakoş de Fereyra”sına (1:0; 1:0) məğlubiyyət acısı daddırıb. Luzonun komandası səfər oyunlarında bir qayda olaraq, 1:0 hesablı qələbə qazanması ilə də diqqət çəkir.
0