Ölkəmiz UEFA-nın reytinq cədvəlində daha iki pillə irəliləyişə nail oldu
07.08.2009 - 13:13
Ölkəmiz UEFA-nın reytinq cədvəlində daha iki pillə irəliləyişə nail oldu
2010/11 mövsümündə Azərbaycan Premyer Liqasında ikinci yeri tutan komanda Avropa Liqasına birinci yox, ikinci təsnifat mərhələsindən başlaya bilər. Apasport.az saytının məlumatına görə, bu, “Bakı” və “Qarabağ”ın qarşıdakı matçlardakı uğurundan asılıdır.

Belə ki, avrokubokların qaydalarına əsasən UEFA-nın klub reytinqində 37-ci və daha aşağı yerləri tutan ölkələrin yalnız bir komandası – kubokun qalibi yarışa ikinci təsnifat mərhələsindən başlayır. Həmin ölkələrin digər iki təmsilçisi isə mübarizəyə ilk mərhələdən qoşulur.

Siyahıda daha yüksək yerlər isə əlavə üstünlüklər qazanır. 30-36-cı yerlərin sahiblərinə gəlincə, onların 1 komandası birinci, 2-i isə ikinci təsnifatdan yarışa qatılır. Yəni, kubokun qalibi ilə yanaşı, ölkə çempionatının gümüş mükafatçısı da iki həftə gec mübarizəyə başlamaq imkanı qazanır.

“Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki qələbəsindən sonra Azərbaycan 53 ölkə arasında 38-ci yerə yüksəlib. Finlandiya “Honka”sını 2:1 hesabı ilə məğlub edən ağdamlılar ölkəmizin son 5 mövsüm ərzində topladığı reytinqin bizim üçün rekord həddə çatmasına şərait yaradıb - 5,373. İndi 36-cı pillədə qərarlaşan Gürcüstandan 1 qələbə və 1 heç-heçə qədər geri qalan Azərbaycan bu mövqeyə sahib çıxmaq şansı da əldə edib. Axı, həm gürcülər, həm də 37-ci yeri tutan islandiyalıların bütün komandaları avrokuboklarda çıxışlarını dayandırıb. Cəmi bir heç-heçə əldə etsək, İslandiyanı da geridə qoyacağıq.

...35. Moldova 6,290 (1 komandası qalıb)
36. Gürcüstan 5,748
37. İslandiya 5,415
38. Azərbaycan 5,373 (2 komandası qalıb)
38. Makedoniya 5,332
39. Macarıstan 5,250 (1 komandası qalıb)
41. Lixtenşteyn 4,500
42. Qazaxıstan 4,499 (1 komandası qalıb)
43. Estoniya 4,249 (1 komandası qalıb)...
0