“Qarabağ” Avroliqada “Roma” ilə qarşılaşacaq?
07.08.2009 - 13:22
“Qarabağ” Avroliqada “Roma” ilə qarşılaşacaq?
Avropa Futbol Assosiasiyaları Federasiyaları (UEFA) Avroliqada mübarizə aparan Azərbaycan klublarının potensial rəqiblərini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” yarışın 3-cü qrupunda oynayacaq. Artıq Ağdam klubunun 5 potensial rəqibi məlumdur. Təmsilçimizin bəxtinə ulduz futbolçu Françesko Tottinin kapitanı olduğu “Roma” (İtaliya), “Lill” (Fransa), “Austriya” (Avstriya), “Tvente” (Hollandiya) və MOİK (Sofiya, Bolqarıstan) klublarından biri düşə bilər. Yəni, UEFA potensial rəqibləri konkretləşdirib və “Qarabağ”ın dördüncü təsnifat mərhələsində sadaladığımız komandalardan biri ilə qarşılaşacağı dəqiqdir.

Potensial rəqiblərdən “Austriya” bizə tanışdır. Bu klub 14 il öncə “Kəpəz”i UEFA kubokunda hər iki oyunda böyük hesabla məğlub edib (4:0; 5:1). Sofiya MOİK-i isə “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevskinin keçmiş komandasıdır. “Hərbçilər”in şərəfini ötən mövsüm “Neftçi”dən ayrılmış bolqar yarımmüdafiəçi Svetoslav Stefanov da qoruyur.

Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avroliqaya düşən “Bakı” 4-cü qrupda yer alıb və PSV (Hollandiya), “Bazel” (İsveçrə), “Latsio” (İtaliya), “Partizan” (Serbiya) və “Tuluza” (Fransa) klublarından biri ilə rəqib olacaq. Bu komandalardan “Partizan” ötən yay ÇL-nin ikinci mərhələsində Bakı “İnter”ini mübarizədən kənarlaşdırıb (1:1 və 0:2).

Klublarımızın konkret rəqibləri bu gün Bakı vaxtı ilə saat 16:30-da Nyonda başlanacaq püşkatmada müəyyənləşəcək.
0