“Neftçi”nin iki rekordu təkrarlandı
07.08.2009 - 14:16
“Neftçi”nin iki rekordu təkrarlandı
Ağdamın “Qarabağ” klubu “Neftçi”nin iki rekordunu təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, Avroliqada uğurla çıxış edən Azərbaycan kubokunun son qalibi flaqman kimi, avrokuboklarda iki mərhələ adlayıb.

1994-cü ildən avrokuboklarda təmsil olunan ölkəmiz yalnız “Neftçi” və “Qarabağ”ın sayəsində belə uğura nail olub. Özü də bu, son iki ildə baş verib. “Neftçi” ötən mövsüm İntertoto kubokunda iki mərhələ adlamaqla, ilkə imza atmışdı. “Qarabağ”a üstünlük verən məqam isə nailiyyəti daha nüfuzlu turnirdə qazanmasıdır.

Digər rekord qazanılan 3 qələbə ilə bağlıdır. Qurban Qurbanovun çalışdırdığı komanda “Rusenborq”u (Norveç) Bakıda (1:0), “Honka”nı (Finlandiya) isə hər iki görüşdə (1:0; 2:1) məğlub edib. “Neftçi” 2005-ci ildə Çempionlar Liqasında (ÇL) 3 qələbə qazana bilmişdi. Flaqman İslandiyanın “Hafnarfyordur” klubu ilə hər iki oyunda (1:0; 2:1) qələbə sevinci daddıqdan sonra “Anderlext”lə (Belçika) Bakıdakı görüşdə (1:0) də rəqibini məğlub etmişdi.

Maraqlıdır ki, elə “Qarabağ” da məhz eyni hesablarla qalib gəlib və “Neftçi” kimi, Skandinaviya təmsilçisini diz çökdürüb. Ötən ilə isə flaqman İntertoto kubokunda Bakıda 3 müxtəlif rəqibi - “Nitra” (Slovakiya, 2:0), “Jerminal” (Belçika, 1:0) və “Vaslui”ni (Rumıniya, 2:1) yenib. Göründüyü kimi, klublarımız hər üç turnirdə - ÇL, İntertoto və Avroliqada bir mövsümdə 3 qələbə qazanmağı bacarıb.

Qeyd edək ki, “Qarabağ”ın heyətində mərhələ adlayan futbolçulardan üçü - Rəşad Sadıqov, Elnur Allahverdiyev və Rəşad Sadiqov ötən il “Neftçi” ilə iki mərhələ keçmişdilər. Hər 3 oyunçu həmin vaxt forma geyindikləri görüşlərdə qol da vurmuşdu. Hesabında iki qol olan Sadiqov “Nitra” və “Vaslui” ilə oyunlarda fərqlənmişdi. Allahverdiyev “Jerminal”, Sadıqov “Nitra”nın qapısına yol tapmışdı.
0