“Prezident mənimlə söhbətində futbolun inkişafına dair çox maraqlı fikrilər səsləndirdi”
07.08.2009 - 14:28
“Prezident mənimlə söhbətində futbolun inkişafına dair çox maraqlı fikrilər səsləndirdi”
“Dövlət başçımız İlham Əliyevin mənə zəng edib təbrik etməsi çox xoş oldu. Açığı, prezidentin zəngi mənim üçün bir qədər gözlənilməz oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov ölkə prezidentinin onunla əlaqə saxlamasından çox şad olub: “Bu diqqətə görə İlham Əliyev cənablarına öz minnətdarlığımı bildirirəm. Çox sağ olsun ki, zəng edib təbriklərini çatdırdı. Dövlət başçımız mənimlə söhbətində çox maraqlı fikirlər səsləndirdi. Azərbaycan futbolunun inkişafından, “Qarabağ”dan danışdıq. Prezident bildirdi ki, qələbəmiz bugünkü gündə futbolumuzun ən böyük uğurudur. O, Qarabağ adını beynəlxalq miqyasda daha yaxından, yaxşı tanıtmağımızı qeyd etdi. Yəni Qarabağ var və yaşayır. Prezidentimiz komandamızın daha çox yerli futbolçulardan, məşqçilərdən təşkil olunduğunu da xüsusilə qeyd etdi. Bu da Azərbaycanda futbolçuların, məşqçilərin olduğunu, futbolumuzun inkişaf etdiyini göstərir”.

Ölkə prezidentinin zəngindən sonra daha da ruhlanan Qurbanov etimadı doğrultmaq fikrindədir: “Dövlət başçımız bizə qarşıdakı oyunlarda uğurlar arzuladı. Əlbəttə, bu nailiyyətimiz İlham Əliyev cənablarının futbola, ümumilikdə idmana göstərdiyi diqqətin, qayğının nəticəsidir. Biz bunu yüksək qiymətləndiririk. Gələcəkdə prezidentimizin etimadını layiqincə doğrultmağa çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” üçüncü təsnifat mərhələsində Finlandiyanın “Honka” klubunu hər iki oyunda üstələyib – 1:0 və 2:1.
0