Hacıyevski: Püşkün nəticəsindən razıyam, qrupa düşmək şansımız var
07.08.2009 - 16:11
Hacıyevski: Püşkün nəticəsindən razıyam, qrupa düşmək şansımız var
“Püşkün nəticəsindən razı qaldım. Çünki mən 5 potensial rəqibdən daha çox məhz “Bazel” klubu ilə düşməyi arzulayırdım”. Bu fikirləri apasport.az saytına açıqlamasında son Azərbaycan çempionu “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski deyib.

Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avroliqaya düşən paytaxt təmsilçisi bu gün keçirilmiş püşkün nəticəsinə əsasən, İsveçrənin “Bazel” klubu ilə üz-üzə gələcək. Hacıyevskinin sözlərinə görə, onun komandası arzuladığı rəqiblə düşüb: “Düzdür, “Bazel” zəif komanda deyil. Hər halda, Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Ancaq onu da nəzərə almaq lazımdır ki, Hollandiyanın PSV, İtaliyanın “Latsio”, Fransanın “Tuluza” və hətta Serbiyanın “Partizan” klubu da “Bazel”dən güclüdür. Mən bu komandanı gözləyirdim və belə də oldu. Avroliqada münasib rəqiblə düşmüşük”.

Rəqibin favorit olmasını qəbul edən 54 yaşlı mütəxəssis asanlıqla təslim olmaq fikrində deyil: “Mən “Bazel”i ötən mərhələdə uduzduğumuz Bolqarıstanın “Levski” ilə təxminən eyni səviyyəli komanda sayıram. Avroliqada uğurla çıxış edib, qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. Püşkdən sonra buna ümidim azalmayıb. İlk oyunu evdə keçiririk və həmin görüşdə münasib nəticə əldə etməliyik. Düzdür, əsas qol ümidimiz braziliyalı hücumçu Feliks Felipe Almeyda Bakıdakı oyunu cəza üzündən buraxmalı olacaq. Ancaq nə etmək olar, ümidimizi itirmirik. İnanıram ki, “Levski”dən fərqli, “Bazel”lə daha yaxşı oynayacağıq”.

Qeyd edək ki, “Bakı” ilk oyuna avqustun 20-də doğma meydanda, cavab görüşünə isə bundan bir həftə sonra İsveçrədə çıxacaq.
0