İngiltərə yığmasından qovulmuş bəxtsiz məşqçi “Qarabağ”a qarşı
07.08.2009 - 16:59
İngiltərə yığmasından qovulmuş bəxtsiz məşqçi “Qarabağ”a qarşı
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsindəki rəqibi “Tvente”ni (Hollandiya) bəxtsiz məşqçi çalışdırır. Apasport.az saytının məlumatına görə, Enshede şəhərinin təmsilçisinə tanınmış ingilis mütəxəssis Stiv Maklaren başçılıq edir. O, “Tvente”yə İngiltərə yığmasını tərk etdikdən sonra gəlib.

44 yaşlı məşqçi İngiltərə milli komandasından biabırçılıqla ayrılmışdı. Belə ki, onun yetirmələri Avropa çempionatının seçmə mərhələsini adlaya bilməmişdilər. Qrupda Rusiya və Xorvatiyadan geri qalan futbolun yaradıcıları qitə birinciliyinin final mərhələsinə düşməyi bacarmamışdılar. Bu uğursuzluqdan sonra Maklaren baş məşqçi postundan qovulmuşdu. Onun xələfi Fabio Kapello olub.

Elə “Tvente”də də Maklaren bəxtsizliklə üzləşib. Hollandiyanın ortabab klubunu Çempionlar Liqasına çıxaran çalışdırıcı üçüncü təsnifat mərhələsində şok yaşayıb. Məsələ burasındadır ki, Portuqaliya “Sportinq”inə qarşı cavab matçının 90+5-ci dəqiqəsindəki avtoqol enshedelilərin Çempionlar Liqası ilə vidalaşmasına səbəb olmuşdu (0:0; 1:1). Əgər “Tvente” bir neçə saniyə də dözsəydi, indi “Qarabağ”ın rəqibi tam başqa komanda olacaqdı.

Maklarenin karyerasında bir sıra uğurlara da rast gəlmək mümkündür. O, məşqçi qismində Çempionlar Liqasını qazanıb. Uzun müddət “Mançester Yunayted”də Aleks Ferqyusonun köməkçisi işləmiş ingilis 1999-2001-ci illərdə 3 dəfə ölkə çempionluğu, 1999-cu ildə Çempionlar Liqası və elə həmin il Liqa Kubokunu əldə edib.

Onun baş məşqçi kimi əldə etdiyi yeganə uğur da Liqa Kuboku ilə bağlıdır. Stiv 2001-2006-cı illərdə çalışdırdığı “Midlsboro”ya 5 il əvvəl bu titulu qazandırıb. Milli komandaya təyinatdan əvvəl isə Maklaren “Midlsbro” ilə daha bir kuboka sahib çıxmağa yaxın olub. Lakin UEFA kubokunun finalında İspaniya “Sevilya”sını üstələmək müşkül məsələyə çevrilib.

Qeyd edək ki, “Midlsboro”nu 250, İngiltərə yığmasını 18, “Tvente”ni 52 oyuna çıxarmış Maklaren baş məşqçi postunda keçirdiyi 320 qarşılaşmada 136 qələbə qazanıb, 75 heç-heçə edib və 109 dəfə uduzub. Onu avqustun 20-də və 27-də “Qarabağ”la “duel”lər gözləyir.
0