Qurban Qurbanov futbol tariximizə düşdü
07.08.2009 - 17:17
Qurban Qurbanov futbol tariximizə düşdü
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbolunda növbəti ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı mütəxəssis avrokuboklar çərçivəsində evdə keçirdiyi bütün oyunlarda qələbə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb.

Avrokuboklarda mərhələ adlayan ən gənc məşqçimiz olan Qurbanov “Neftçi”nin çalışdırıcısı Anatoli Demyanenkonun göstəricisini təkrarlayıb. 50 yaşlı ukraynalı mütəxəssis ötən il İntertoto kubokunda Bakıda “Nitra” (Slovakiya, 2:0), “Jerminal” (Belçika, 1:0) və “Vaslui”ni (Rumıniya, 2:1) yenib. Qurbanov isə “Qarabağ”la Avroliqada cari mövsümdə Skandinaviya təmsilçiləri - “Rusenborq (Norveç, 1:0) və “Honka” (Finlandiya, 2:1), iki il öncə “Neftçi”nin sükanı arxasında olan zaman Avstriya “Rid”ini üstələyib (2:1). Maraqlısı odur ki, onun qazandığı hər üç qələbədə vaxtilə bir yerdə oynadığı Rəşad Sadıqovun böyük rolu olub. Belə ki, 27 yaşlı müdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən bu görüşlərdə qələbə topunu vurub.

Qeyd edək ki, 1994-cü ildən avrokuboklarda çıxış edən klublarımızın çalışdırıcıları arasında evdə məğlubiyyət acısı dadmayanlar olub. Ukraynalılar – Valentin Xodukinlə (“İnter, 0:0, 1:1) İqor Nakoneçnı (“MKT-Araz”, 1:0, 0:0), habelə Böyükağa Hacıyev (“Bakı”, 1:0, 1:1), Nadir Qasımov (“Xəzri” 2:2, “Bakı fəhləsi” 1:0) iki, Vaqif Sadıqovla (“Neftçi” 0:0) Asəf Namazov (“Neftçi” 1:0) bir görüşdə uduzmayıb. Yunis Hüseynov isə avrokuboklarda səfərdə uduzmayan yeganə məşqçimizdir. O, üç il öncə “Karvan”ın çalışdırıcısı kimi Slovakiyada “Spartak”ı 1:0 hesabı ilə məğlub edib, ardından Çexiyada “Slaviya” ilə qolsuz heç-heçə oynayıb.
0