“Qarabağ”a görə “Tvente” Hollandiya Futbol Federasiyasından kömək istədi
07.08.2009 - 18:25
“Qarabağ”a görə “Tvente” Hollandiya Futbol Federasiyasından kömək istədi
Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Tvente” klubu Hollandiya Futbol Federasiyasından kömək istəyib. Apasport. az saytının məlumatına görə, Enshede təmsilçisi ağdamlılarla oyunları olduğu üçün ölkə çempionatında matçlarından birinin vaxtının dəyişdirilməsini xahiş edib.

Federasiya rəhbərliyi komandanın müraciətini müsbət cavablandırıb. IV tur çərçivəsində oynanılacaq “Tvente” – “Valviyk” qarşılaşmasının vaxtı avqustun 22-dən 23-nə keçirilib. Beləliklə, enshedelilər “Qarabağ”la avqustun 20-dəki matçdan 3 gün sonra “Valviyk” qarşısına çıxacaqlar.

Yeri gəlmişkən, “Tvente” bu yaxınlarda start götürmüş Hollandiya çempionatında artıq bir oyunda çıxış edib. Stiv Maklarenin yetirmələri “Sparta” üzərində 2:0 hesablı qələbə qazanıblar. Rəqibimizin qollarını 18-ci dəqiqədə Bleys N’Kufo və 57-ci dəqiqədə Brayan Ruis Qonsales vurub.

Avqustun 9-da isə “Tvente”ni çətin imtahan gözləyir. Enshede komandası məşhur PSV klubunu qəbul edəcək. Bakı vaxtı ilə saat 17:30-da başlanacaq oyunu peyk televiziyaları vasitəsilə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da izləyə bilər. Hər halda, Hollandiya çempionatının mərkəzi oyununa ölkəmizdə də baxmaq mümkündür. “Qarabağ”la oyun öncəsi son sınaq isə ayın 15-də səfərdə “Den Haaq”a qarşı olacaq.
0