Azərbaycan çempionu üçün növbəti stadion: “Sankt-Yakob Park”
07.08.2009 - 18:46
Azərbaycan çempionu üçün növbəti stadion: “Sankt-Yakob Park”
“Bazel”in ev oyunlarını keçirdiyi “Sankt-Yakob Park” stadionu Avropada məşhur arenalardandır. Apasport.az saytının məlumatına görə, Bazel şəhərində yerləşən və 42500 tamaşaçı tutumuna malik “Sankt-Yakob Park” UEFA-nın 4 ulduzlu stadionlarındandır. Komanda yarandığın ildə, yəni 1893-cü ildən ev oyunlarını burada keçirsə də, stadion 11 il öncə köhnə arena – “Yoqqeli”nin yerində tikilib.

Ölçüsü 68x105 m olan “Sankt-Yakob Park”da son Avropa çempionatının (AÇ) final mərhələsində 6 oyun keçirilib. Bunlardan ikisi qrup, ikisi 1/4, biri isə yarımfinal oyunu olub. Turnirin final mərhələsinin qarşılaşmaları üçün yenidənqurma işlərindən sonra 2001-ci ildə açılışı olan arenada bütün tribunaların üstü örtülüdür.

“Bazel”in stadionu AÇ-nin final mərhələsinin tarixinə düşüb. Belə ki, təşkilatçılar meydanın ot örtüyünü elə turnirin gedişində dəyişməli oldu. Bu, iyunun 11-də Türkiyə yığmasının İsveçrə ilə görüşü zamanı baş verib. Güclü leysanın yararsız hala saldığı stadionun ot örtüyünü UEFA-ya 200 min avroya başa gəlib. Həmin görüşdə hesabda geridə olan türkiyəlilər əzmkar, vacib qələbə (2:1) qazana biliblər.

Sözügedən qitə birinciliyinin ən sürpriz nəticələrindən biri də məhz “Sankt-Yakob Park”da reallaşıb. Söhbət iyunun 21-də Rusiya və Hollandiya arasında keçirilmiş final oyunundan (3:1) gedir. Ruslar əlavə vaxtda vurduğu iki qolla, gözlənilməz qələbə qazanaraq, turnirin favoritlərindən birini mübarizədən kənarlaşdırıb. Bu, şimal qonşularımızın dünya və Avropa çempionatının pley-off mərhələsində ilk qələbəsi kimi yadda qalıb. Ruslar yarımfinalında uduzmalarına baxmayaraq, məhz “Bazel”in stadionundakı qalibiyyət sayəsində AÇ-nin bürünc medallarına yiyələniblər.

Qeyd edək ki, “Bakı” “Sankt-Yakob Park”da oyununu avqustun 27-də keçirəcək.
0