Torsten Fink: “Bakı” səddini keçməsək, bu, bizim üçün fiasko olacaq
07.08.2009 - 19:14
Torsten Fink: “Bakı” səddini keçməsək, bu, bizim üçün fiasko olacaq
“İdmanda hər şey mümkündür. Ancaq mənə elə gəlir ki, püşk bizim üçün münasib oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın Avroliqanın dördüncü təsnifat mərhələsindəki rəqibi İsveçrənin “Bazel” klubunun baş məşqçisi Torsten Fink deyib.

42 yaşlı mütəxəssis Azərbaycan çempionu haqda elə də məlumatlı olmadığını gizlətməyib: “Onu bilirəm ki, komanda son Azərbaycan çempionudur və Çempionlar Liqasında Bolqarıstan “Levski” ilə görüşdə mübarizədən kənarlaşıb. “Bakı”da legionerlər çoxluq təşkil edir. Orada dünyanın müxtəlif ölkələrindən futbolçular cəmləşib. Rəqib haqda hələlik geniş informasiyam yoxdur və bunun üzərində çalışacağıq”.

İndi Finki ən çox qayğılandıran məsələ vaxtdır: “Biz Bakıya getmək üçün uzun yol etməli olacağıq. Üstəlik, Azərbaycanla İsveçrə arasında 3 saat fərq mövcuddur. Vaxt problemi ilə son zamanlar tez-tez üzləşirik”.

“Bazel”in çalışdırıcısı vurğulayıb ki, “Bakı” potensial rəqiblər arasında ən zəifidir: “Hər halda, güclü rəqiblə düşə bilərdik. Məsələn, Türkiyənin “Trabzonspor” klubu ilə. Ancaq yaxşı ki, bu, baş vermədi. İstənilən halda məqsədimiz aydındır. Biz Avroliqanın qrup mərhələsinə istəyirik. Məqsədimizə çatmasaq, bu, bizim üçün fiasko olacaq”.
0