“Bazel”dən uğurlu start
07.08.2009 - 19:41
“Bazel”dən uğurlu start
“Bakı”nın Avroliqada rəqibi olan İsveçrənin “Bazel” klubu yeni mövsümə məğlubiyyətlə başlayıb. Apasport.az saytının məlumatına görə, Tosten Frinkin çalışdırdığı komanda iyulun 12-də ilk turda səfərdə “Sant-Qallen”ə 0:2 hesabı ilə uduzub. Həmin görüşün 64-cü dəqiqəsində İsveçrə milli komandasının da üzvü olan yarımmüdafiəçi Benjamin Huqqlein meydandan qovulması “Bazel”in işini çətinləşdirib.

“Bakı”nın rəqibi növbəti turda “Aarau” ilə ev oyununda hesabda geri düşsə də, sonradan toparlana bilib. 5-ci dəqiqədə hesabı bərabərləşdirən 20 yaşlı yarımmüdafiəçi Valentin Stoker “Bazel”in yeni mövsümdə ilk qolunun müəllifinə çevrilib. Komanda qələbə topunu yalnız 90-cı dəqiqədə, yığmanın şərəfini qoruyan təcrübəli hücumçu Marko Ştreller sayəsində vurub.

Çempionatda son oyununu iyulun 26-da keçirən “Bazel” yenə 2:1 hesablı qələbəyə sevinib. Bu dəfə çempionluq uğrunda əsas rəqiblərindən olan “Syon” məğlub edilib və yenə hesabı ilk hissədə Stoker açıb. Maraqlıdır ki, bazellilər ardıcıl ikinci dəfə həlledici qolu 90-cı dəqiqədə vurublar. Qələbə topunun müəllifi komandanın və İsveçrə yığmasının lideri Aleksandr Fray olub.

Üç turdan sonra hesabında 7 xal olan “Bazel” 7 xalla 3-cü pillədə qərarlaşıb. Lider “Yanq Boyz”dan 3 xal geri qalan bazellilər “Bakı” ilə görüşə qədər çempionatda növbəti çətin sınaq qarşısında olacaqlar. Belə ki, komanda IV tur çərçivəsində avqustun 9-da səfərdə son çempion “Sürix”lə qarşılaşacaq.

Qeyd edək ki, Avroliqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “Bazel” öncə “Santa Koloma”ya (Andorra) hər iki oyunda böyük hesabla qalib gəlib - 3:0, 4:1. Növbəti mərhələdə isə isveçrəlilərin “qurban”ı İslandiyanın “Reykyavik” komandası olub. Səfərdə 2:2 hesablı heç-heçənin ardından “Bazel” evdə qələbə qazanaraq (3:1), istəyinə çatıb.
0