“Qarabağ”a qarşı sonadək vuruşacağıq”
08.08.2009 - 02:07
“Qarabağ”a qarşı sonadək vuruşacağıq”
XVII Premyer Liqa başa çatdıqdan sonra çoxları “Turan” klubunun tarixin yaddaşına qovuşacağını düşünürdü. Ancaq son anda Tovuzdan olan bir neçə iş adamının yığışaraq komandaya sponsorluq edəcəyini açıqlaması, klubun tarixində yeni səhifənin açılacağına ümidi artırdı. Artıq ötən mövsümün ikinci dövrəsində “Turan”ın formasını geyinən futbolçuların əksəriyyəti yenidən doğma rayona qayıtmağa başladılar. Belə futbolçulardan biri də bir müddət əvvəl “Olimpik-Şüvəlan”la müqavilə bağlayan, lakin sonradan yenidən “Turan”a qayıdan Ruslan Abbasovdur. Komandanın təcrübəli oyunçularından hesab edilən müdafiəçi ilə köhnə-yeni komandası barədə söhbətləşdik.

- Əvvəlcə, Bakıda keçirdiyiniz yoldaşlıq oyunları barədə fikirlərinizi bölüşərdiniz...
- Adından göründüyü kimi, bu, yoxlama oyunlarıdır. Bu cür oyunlarda nəticə elə də ciddi əhəmiyyət daşımır. Baş məşqçi görüşlərin hamısında meydana baxışda olan futbolçuları da buraxmışdı. Yəni seleksiya işi davam etdiyindən, yeni gələnləri iş başında yoxlamaq istəyirdi. Həm də yeni mövsümdən etibarən meydana 4-4-2 taktiki sxemində çıxacağıq. Təbii ki, buna alışmaq üçün də müəyyən vaxt lazımdır. İnşallah, çempionatın startına qədər problemlərimizi yoluna qoyub, mövsümə uğurlu start verərik.

- Artıq 3 oyun arxada qaldı. Sizcə, “Turan”ın əsas problemləri nədədir?
- Ən böyük problemimiz mövsümün hazırlığına gec start verməyimizdir. Bu üzdən də heyət tam komplektləşməyib. Bir tərəfdən seçim işləri davam edir. Digər yandan isə yeni gələnlərin komandaya uyğunlaşmasına çalışırıq. Əlbəttə, bunlar bir gündə həll olunası işlər deyil. Ancaq komandaya yaxşı oyunçuların cəlb edildiyini deyə bilərəm.

- XVIII Premyer Liqanın startına təxminən 1 həftə qalıb. Qarşıdakı qısa vaxtda sadaladığınız problemləri həll etmək mümkün olacaqmı?
- Məşqçilər korpusu bunun üçün əlindən gələni əsirgəmir. Onlar da çempionata hazır şəkildə başlamağımızı istəyirlər. Heç kim komandasının oyunlara 100 faiz hazır olduğunu deyə bilməz. Çatışmazlıqlar bütün klublarda var. Biz yeni mövsümə hardasa 70-80 faiz hazırıq.

- Yeni futbolçuların sayı kifayət qədərdir. Necə düşünürsünüz, onlar “Turan”a kömək edə biləcəklərmi?
- Bu suala məşqçilər daha dolğun cavab verə bilərlər. Məncə, yaxşı uşaqlar var. Sadəcə, onların uyğunlaşması üçün zamana ehtiyac var.

- Yoldaşlıq oyunlarında komandanızın müdafiə xətti və qapıçısı daha inamlı təsir bağışlayırdı...
- Bu da səbəbsiz deyil. Çünki müdafiə xəttində yer alan futbolçulardan yalnız latviyalı Maris Smirnovs yenidir. Qalan uşaqlarla ötən mövsümdə də bir yerdə oynamışıq və bir-birimizi yaxşı tanıyırıq. Əsas problem yarımmüdafiə xətti ilə bağlıdır. Ortadakı çatışmazlığı yoluna qoya bilsək, istənilən komanda ilə başabaş oynaya bilərik.

- Klubun şəraiti necədir?
- Yeni sponsorlar komanda üçün hər cür şərait yaradıblar. Yəni artıq futbolçu hansısa sosial problem haqqında düşünmür. Bütün diqqətimizi hazırlığa yönəltmişik. Təbii ki, bu da işin xeyrinə olan amildir.

- “Turan”a qışda transfer olunmuşdunuz. Ötən mövsümlə müqayisədə klubda nə kimi dəyişiklik var?
- Sponsorlar ötən mövsümün ikinci dövrəsində də komandaya bacardıqları qədər kömək edirdilər. Yəni gücləri nəyə çatırdı, onu da edirdilər. Hamı “Turan”ın Premyer Liqada qalmasını istəyirdi. Sonda da istədiyimiz oldu. İndi vəziyyət daha yaxşıdır. Tovuzdan olan iş adamları bir yerə yığılıb və kluba sponsorluq edirlər. Sözsüz, onlar da çəkdikləri əziyyətin bəhrəsini görmək istəyirlər. Ona görə də üzərimizə böyük məsuliyyət düşür. Təsəvvür edin, adicə məşqimizi izləmək üçün minə yaxın azarkeş stadiona gəlir. Heyətə yeni oyunçular cəlb edilməsi yerli azarkeşlər arasında canlanma yaradıb.

- Qarşıya hansı məqsəd qoyulub?
- “6-lıq”a düşmək. İlk tapşırığımız budur. Sonrasını isə zaman göstərəcək.

- Elə klubların hamısı “6-lıq”a düşmək üçün mübarizə aparacaqlarını deyir. “Turan” bunu bacaracaqmı?
- Bilirsiniz, çıxıb meydanda ürəyini qoyduqdan sonra istənilən nəticəni qazanmaq mümkündür. Ötən çempionatın ikinci dövrəsində heyətimiz güclü olmasa da, istənilən rəqiblə başa-baş mübarizə aparırdıq. Nəticələrimiz də pis olmadı. Yəni bütün komandalar meydana 11 nəfərlə çıxır. Yenə deyirəm, yaxşı uşaqlar yığışıb. Bir faktı da qeyd edim ki, bu gün “Turan”da tək tovuzlular yox, digər bölgələrdən və ölkələrdən olan oyunçular da çıxış edirlər.

- Komandanın ən təcrübəli oyunçularından birisiniz. Hazırkı futbolçularla mübariz kollektiv yaratmaq olacaqmı?
- Əksəriyyət ötən mövsümün ikinci dövrəsində bizimlə birgə çıxış edənlərdi. 3-4 futbolçu yeni gəlib. Onlar da yaxın günlərdə komandaya tam uyğunlaşacaqlar.

- Müqayisə edəndə, XVII Premyer Liqanın ikinci dövrəsindəki komanda daha güclü idi.
- İndi bir az yorğunluq var. Hazırlığa gec başladığımızdan yüklənmələr çoxdur. Axşam oyuna çıxacağımıza baxmayaraq, səhər məşqini də keçiririk. Həm də yoxlama oyununda nəticə vacib deyil. Özümüzü çempionata hazırlayırıq.

- Yarımmüdafiə xəttində boşluqların olduğunu dediniz. Amma hücumda da dişsizlik var. Necə düşünürsünüz, Viktor İbekoyinin yeri görünürmü?
- Əlbəttə. görünür. İbekoyi yaxşı hücumçudur. Junivan Suares yenidən “Turan”a dönüb. Ancaq zədəli olduğundan yoldaşlıq oyunlarında meydana çıxmadı. Samir Musayev də bizdədir. Onun bir qədər artıq çəkisi var. Çempionatın startına qədər hazır olacağına inanıram.

- Mövsümlərarası fasilədə “Olimpik-Şüvəlan”la müqavilə imzaladığınız deyilirdi. Hətta bir müddət “təyyarəçilər”lə məşq də etdiniz. Onlar “Turan”a keçməyinizə mane yaratmadılar?
- “Olimpik-Şüvəlan”ın rəhbərliyinə də təşəkkür edirəm. Mənim geri dönməyimə heç bir problem yaratmadılar. Hansı komandada olmağımdan asılı olmayaraq ürəyimdə xüsusi yeri olan 2 klub var - “Turan” və “Neftçi”.

- Artıq Premyer Liqanın təqvimi məlumdur. İlk turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
- Əvvəla “Qarabağ”ı Avropa Liqasındakı uğurlu çıxışı münasibəti ilə təbrik edirəm. Bu komandanın formasını geyinənlər də öz yerli uşaqlarımızdır. Oyuna gəldikdə, Ağdam təmsilçisi ilə ilk dəfə deyil ki, qarşılaşırıq. Sona qədər “vuruşacağıq”. İnşallah, nəticə istədiyimiz kimi olar.

- Daim iddialı klublarda oynamısınız. Bu gün “Turan”a keçidinizi geriyə addım kimi dəyərləndirirlər. Bu fikirlə razılaşırsınız?
- Sözsüz ki, razı deyiləm. Ötən mövsüm klubun yetirməsi kimi “Turan”a kömək etmək məqsədi ilə geri döndüm. Futbolçu kimi bu günə gəlib çatmağımda komandanın rolu danılmazdır. İndi isə rəhbərlik klub üçün normal şərait yaradıb. Şərait varsa, niyə də “Turan”da oynamayaq. Kənarda çıxış etmək çətindir. Amma Tovuz doğma rayonumdur.

- “Turan” əvvəlki şöhrətini qaytara biləcəkmi?
- Bunun üçün çalışacağıq. Tovuz futbol məskəni kimi tanınıb. Hər oyunda azarkeşlər stadionu doldurur. Məşqlərimizi də yaxından izləyirlər.

Mənbə: “Futbol dünyası” qəzeti
0