Hafiz Məmmədov: Məni yandıran odur ki...
08.08.2009 - 07:32
Hafiz Məmmədov: Məni yandıran odur ki...
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun apasport.az saytına və “Futbol+qol” qəzetinə müsahibəsi

- “Levski” ilə oyun barədə nə deyə bilərsiniz?
- Sofiyaya böyük ümidlərlə getmişdik. "Levski" ilə Bakıdakı matçı izlədiyim üçün hesab edirdim ki, şanslar yenə bərabərdir. Biz mərhələnin taleyini ilk oyunda həll edə bilərdik. Hakimlik qərəzi və bəxtsizliklə üzləşdik. Həmin oyunun təfərrüatına bir də varmaq istəmirəm. Mənfi sürprizlər "Bakı"nın əleyhinə işlədi. Amma yenə ümidli idim və komandamdan yaxşı oyun gözləyirdim. Yaxşı oynamaq bizim minimum məqsədimiz idi. Hacıyevski və futbolçularla söhbətimdə görmüşdüm ki, qələbəyə inanırlar. Bu inam mənə də keçmişdi. "Levski"ni udmaqla, bütün Azərbaycanı, Avropanı ayağa qaldıracaqdıq. Təəssüf, heç biri olmadı.

- Sizcə, uğurlu nəticə qazanmaq üçün komandaya nə çatmadı?
- Çox şey. İlk dəqiqələrdən mən "Bakı"nı tanıya bilmədim. "Levski"nin hücumlarını sakit izləmək mənə çox çətin idi. Yaxşı oynayıb uduzsaydıq, məni bu qədər yandırmazdı. Bütün oyunu müdafiədə keçirdik, bir normal hücum da qura bilmədik. İlk hissədə qapımızı birtəhər qoldan qoruduq. Müdafiəçilər topu cərimə meydançasından uzaqlaşdırmaqdan yorulmuşdular. Top bizdə qalmırdı, iki-üç ötürmədən sonra onu itirirdik. Xırda bir əsas da tapa bilmirəm ki, oyunumuzdan razı qalım. "Bakı"nın Sofiyada nə edəcəyini bütün Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. İnanın, matçdan hələ xeyli əvvəl də, oyun vaxtı da mənə xeyli zəng gəldi. Udsaydıq, Bakıda böyük bayram olacaqdı. Mən bu ab-havanı bir həftə əvvəl yaşamışdım. "Tofiq Bəhramov"da əsl anşlaq gördüm. AFFA prezidenti Rövnəq Abdullayevlə bərabər, oyunu izləməyə getmişdik. Stadionun qapısından maşınla içəri keçə bilmədik. 35 min azarkeş tribunaları doldurmuşdusa, bir o qədər insan da bayırda qalmışdı. Yaşlı kişilər hasardan içəri keçmək istəyirdilər. Adam əlindən məcbur olub, içəri piyada keçdik. Polislər tanımadığı üçün bizi də stadiona buraxmaq istəmirdilər. Zor-güc, axır ki, kütlənin arasından çıxdıq. Mənə xoş idi ki, "Bakı"nın oyununa bu qədər insan gəlir. O oyunda futbola çəkdiyimiz bütün əziyyətləri unutduq. İndi tam tərsi oldu. "Bakı" tarixinin ən zəif oyunlarından birini keçirdi.

- "Levski" qələbəyə tam layiq idi?
- Hesab etmirəm ki, "Levski" bizdən güclüdür. Avropa səviyyəsində ortabab komandadır, elə bir gücü yoxdur. Batkov bunu Bakıda etiraf etmişdi. İkinci hissə gedəndə yanındakı şəxsə dedi ki, "Bakı" bizdən güclüdür. O oyunu gördüyüm üçün "Levski"ni Sofiyada udacağımıza inanırdım. Komandamız meydanda çaşbaş qalmışdı. İrəli top atan yox idi. Rəqib sürəti bir az artıran kimi özümüzü itirirdik. Məni yandırır ki, "Levski"dən güclü olduğumuz halda, Çempionlar Liqasından kənarda qaldıq. Oyunu ciddi analiz etməliyik. "Bakı" bir də belə oynamamalıdır!

- Məğlubiyyətə rəğmən, komandaya yenə dəstək nümayiş etdirdiniz...
- Hamımız şokda idik. İnana bilmirdim ki, uduzmuşuq. Əlbəttə, məşqçilər də, futbolçular da istəməzdi ki, belə olsun. Oyundan sonra fikirləşdim ki, komanda psixoloji gərginlik keçirər, özlərinə inamı itər. Onlara bu niyyətlə yaxınlaşdım. Çempionlar Liqası ilə erkən vidalaşmaq nə qədər üzücüdürsə də, mübarizənin bitmədiyini bilməliyik.

- Əvvəl bildirmişdiniz ki, yeni transferlər gündəmdədir. Son matç bunu bir daha göstərdi ki, heyət güclənməsə, istənilən nəticələri qazanmaq çox çətinləşəcək.
- İki səviyyəli legionerlə danışıqlar gedir. İndi son mərhələdəyik, bir neçə günə qərar verəcəyik.

- Baş məşqçinin bundan xəbəri varmı?
- Biz transferlərlə bağlı məsələlərdə son söz hüququnu baş məşqçiyə vermişik. Bütün peşəkar klublarda sistem belə qurulub. Nəticəyə cavabdeh olan Hacıyevskidir. Alınan futbolçunu o bəyənməlidir ki, sabah başqa söhbətlər olmasın.

- Yeni alınacaq oyunçular hansı amplua üzrə olacaq?
- Yarımmüdafiə və hücum. Batista artıq gedir. Feliks bu dəfə heç nə edə bilmədi. Tək onun ümidinə qala bilmərik. Yarımmüdafiə xəttində də boşluqlar var. Mənim istədiyim sürətli və texnikalı oyundur. Komandamız öz üzərinə düşən məsuliyyəti başa düşməlidir.

- "Bakı"nı dəstəkləmək üçün stadiona, demək olar ki, heç kim gəlməmişdi...
- Stadionda olanlar yalnız klubla bərabər Sofiyaya gələnlər idi. Bilirsiz ki, Bolqarıstanda bir neçə milyon türk yaşayır. Onları oyuna gətirmək üçün 2-3 gün Türkiyə telekanallarında elan verdik. Bir gün əvvəl bilirdim ki, bunu etmək çətin olacaq. Bolqarıstandakı səfirimiz Elman Zeynalov stadiona gələndə mənə dedi ki, yerli azarkeşlərə görə "Bakı"nı dəstəkləməyə gələnlər çətin olsun.

- Avroliqada daha bir təmsilçimiz var. "Qarabağ"ın "Honka" səddini keçməsi sizin üçün gözlənilməz olmadı ki?
- İnanın, bu, mənə böyük təsəlli oldu. Bizim bütün klublarla dostluq münasibətimiz var. Çox sevinirəm ki, Qarabağın adını yaşadan klub növbəti mərhələyə yüksəldi. Bu qələbələr futbolumuza yeni nəfəs gətirəcək. Artıq əvvəlki "bum" qayıdır. Mən "Qarabağ"ı bir daha təbrik edirəm. Özümüzlə bərabər onların da Avroliqada qrup mərhələsinə vəsiqə qazanmasını arzulayıram.

- Avroliqada "Bakı"nın bəxtinə "Bazel" düşüb.
- "Bazel" Avropanın tanınmış klublarından biridir. Dəfələrlə Çempionlar Liqasının qrup mərhələsinə qatılıb. Bir çox titullar qazanıb. Əlbəttə, bizim üçün asan olmayacaq. "Levski" ilə oyunlarda buraxılan səhvləri təkrarlamamalıyıq. Mən öz komandama inanıram. Səbətdə "Vilyareal", "Valensiya", "Latsio" və bu kimi daha güclü komandalar yer almışdı. Ən optimalı "Bazel" idi. "Qarabağ"ın uğuru bizi daha da ruhlandırıb. Hörmətli dövlət başçımız Ağdam klubunu qələbə münasibəti ilə təbrik edib. Bu, biz iş adamlarına böyük qol-qanad verir.
0