Foqts: Almaniyanın qapısına qol vuracağıq
08.08.2009 - 11:35
Foqts: Almaniyanın qapısına qol vuracağıq
“Almaniya milli komandasına qarşı oyunda yaxşı nəticəyə ümid edirəm. Fikrimcə, bu dəfə rəqibin qapısından top keçirməyə müvəffəq olacağıq”. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu sözləri Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts bugünkü açıq məşqdə deyib.

Milli komandamızın avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya ilə keçirəcəyi 2010-cu il dünya çempionatının seçmə matçı haqda danışan Foqts artıq qol vurmaq vaxtının yetişdiyini bildirib: “Əvvəlki matçlarda biz çoxlu qol imkanları yaratsaq da, fərqlənməyə müvəffəq olmamışıq. İndi fərqlənmək zamanıdır”.

63 yaşlı mütəxəssis doğma publika qarşısında oynayacları üçün heç bir rəqibdən qorxmadıqlarını vurğulayıb. Onun fikrincə, gənclərdən qurulan yığmamız istənilən rəqiblə döyüşə hazırdır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya görüşü saat 21:00-da başlanacaq. Milli komandamız indiyədək 4-cü seçmə qrupda keçirdiyi 5 oyunda bir dəfə də rəqib qapısına yol tapa bilməyib.
0