"Qəbələ" 6 futbolçu ilə gücləndi
08.08.2009 - 23:00
"Qəbələ" 6 futbolçu ilə gücləndi
"Qəbələ" daha altı futbolçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, müdafiəçilər - Mikola Gibalyuk, Milan Antiç, Milan Marinkoviç, Razvan Tarlea, Lyubo Baranin və yarımmüdafiəçi Vladimir Bondarçuk əyalət komandası ilə 1 illik müqavilə bağlayıb.

Yeni transferlər arasında təcrübəsinə görə Tarlea və Gibalyuku fərqləndirmək mümkündür. 177 sm boyu olan Tarlea 1979-cu il avqustun 5-də Rumıniyada anadan olub. Karyerası ərzində "Farul" (1999-2000), "Midiya" (2000-02), "Kluj" (2002-07) və "Politexnika"nın (2007-09) şərəfini qoruyan Razvan ən yaxşı illərini "Kluj"un çiçəklənən dövründə - 2003-05-ci illərdə keçirib. Hətta 2004-05 mövsümündə aktivinə 3 qol yazdırıb ki, bu da müdafiəçi üçün əla göstəricidir.
Gibalyuk yaşının o qədər də çox olmamasına (25 yaş) baxmayaraq, Ukrayna çempionatının yüksək liqasında xeyli təcrübə toplaya bilib. 2003-07-ci illər ərzində "İliçevets"in forması altında çıxış etmiş Gibalyuk müdafiə ilə yanaşı, yarımmüdafiənin sağ cinahında da oynaya bilir. Onun son klubu isə Moldova "Daçiya"sı olub.

Daha bir ukraynalı - dayaq yarımmüdafiəçisi Vladimir Bondarçuk uzunmüddətli baxışdan sonra komandaya götürülüb. Həm top alma, həm də meydançanı görmə qabiliyyəti ilə məşqçilərin rəğbətini qazanan Bondarçukun son klubu Ukrayna çempionatının birinci divizionunda yarışan "İqroservis" olub. 28 yaşlı futbolçu "Dnepr", "Nafkom", "Kristall", "Sevastopol" kimi klublarda çıxış edib, 2007-ci ildən isə "İqroservis"in şərəfini qoruyub.

Müqavilə bağlanan oyunçular arasında üç nəfər serb var ki, onların da hər birinin mövqeyi müdafiəçidir.

Sağ cinah müdafiəçisi Milan Antiç 1 iyul 1981-ci ildə Niş şəhərində anadan olub. Sürətli ilə seçilən Antiç "Qəbələ"dən öncə Çernoqoriyanın "Yedinstvo" klubunda oynayıb. 27 oyunda meydançaya çıxan serbiyalı müdafiəçi 1 qolla yadda qalıb. Yüksək fiziki göstəriciləri olan (194 sm bo, 96 kq çəki) Lyubo Baranin son iki ili "Bejaniya"da keçirib. 23 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm unikal göstərici ilə seçilib. Belə ki, o, keçirdiyi 30 oyunda 6 (!) qol vurub. Baranin iki il öncə Serbiya olimpiya yığmasında da oynayıb və sonuncu matçını 2007-ci ildə San-Marinoya qarşı keçirib. Digər mərkəz müdafiəçisi Milan Marinkoviç də Baranin kimi gəncdir. Bundan öncə vətənində "Radniçki"nin formasını geyinən Marinkoviç meydançada soyuqqanlılığı və diqqətli olması ilə seçilir.

Qeyd edək ki, bunadək "Qəbələ"nin 15 futbolçusu var idi. Onlardan Kənan Kərimov, Mikayıl Namazov, Yaşar Abuzərov, Vurğun Hüseynov, Elnar Kərimov, Azər Həşimov, Pərvin Paşayev, Pavel Doroşev, Anatoli Ostap, Tomaş Stolpa və Qoqa Beraya ötən mövsümdən komandamızın şərəfini qoruyurlar. Arif Daşdəmirov, Revaz Getsadze, İqor Melnik və Kristian Torreslə isə Türkiyə toplanışından öncə müqavilə imzalanmışdı. Qarşıdakı günlərdə "Qəbələ" daha bir neçə transfer etməyi planlaşdırır.
0