Ramin Musayev: “Quran”ı oxumuş olsaydım... - MÜSAHİBƏ
09.08.2009 - 10:08
Ramin Musayev: “Quran”ı oxumuş olsaydım... - MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi

- Ədəbiyyatla maraqlanırsınız?
- Çox maraqlanıram.

- Daha çox qorxulu nağıllar, hekayələr yazmaqla məşhur olan Azərbaycan yazıçısının kim olduğunu deyə bilərsiniz?
- Yox, deyə bilməyəcəyəm.

- Sizcə, əruz vəznində şer yazmaq çətindir, yoxsa sərbəst vəzndə?
- (sualı sualla qarşılayır) Əruz nə deməkdi?

- Əruz ərəb sözüdür. Əruz şer ölçüsünü ilk dəfə sistemləşdirən Xəlil İbn Əhməd olub...
- Həə, lap yaxşı. Məncə, sərbəstdə yazmaq daha asan olar də. Çünki orda çoxlu ərəb sözləri işlənir.

- Özünüz necə, şer yazırsınız?
- Hə, arada yazıram. Şerlərim var.

- Deyirlər, əsl şair yaxşıca “vuran” olmalıdır...
- Yox, mən bu fikirlə razı deyiləm. Zəlimxan Yaqub mənim xalam oğludur, o, “vuran” deyil. Onun “dəm”i özündən gəlir. Şer yazmaq insana daxildən gəlir. Onu gətirən qüvvələr var. Məsələn, sevgidən yazan həmişə sevən, vətəndən yazan vətənpərvər olur.

- Ernest Heminqueyi tanıyırsınız?
- Özümüzünkülərdən sual ver. Heç mən bilmirəm o kimdir.

- “Qoca və dəniz”i oxumamısınız?
- Yox.

- Yaxşı, Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adlı əsərinin adı nə mənanı verir?
- Vallah, yalandan nə deyim. Heç bir məna vermir.

- Zəlimxan Yaqub istisna olmaqla, başqa yazıçılardan, şairlərdən kimlərlə dostluq edirsiniz?
- Aqil Abbas və bir çoxları ilə yaxın münasibətim var.

- Corc Buşa ayaqqabı atan jurnalistin adını deyə bilərsiniz?
- Epizodu görmüşəm, amma həmin insanın adını bilmirəm.

- Niyə Amerika kifayət qədər gənc dövlət olmasına baxmayaraq, bu gün bütün dünyaya hegemonluq edir, ancaq daha qədim və köklü ölkələr bunu edə bilmirlər?
- Gəl mənə siyasətə aid sual vermə. Bu suala bir cümlə ilə cavab vermək istərdim ki, birlik yoxdur, ona görə.

- Bir ay əvvəl Portuqaliyanın baş naziri Bakıya gələrək, ölkəsinə qaz verilməsi üçün danışıqlar apardı. Həmin danışıqların sonu necə oldu?
- A qardaş, mən nə bilim necə oldu? Heç bilmirəm onların baş naziri var, yoxsa yoxdur, gəlib, gəlməyib. O haqda məndə heç bir məlumat yoxdur.

- Stalin Məmməd Əmin Rəsulzadəni niyə xilas edirdi?
- Vallah o barədə heç nə eşitməmişəm.

- İstifadə etdiyimiz 5 qəpiklik əskinasın üzərində kimin və ya nəyin şəkli var?
- Yəqin “Qız qalası” olar da.

- Bakıda adına zavod da var: Səttarxan kim olub?
- Cənubi Azərbaycanda inqilabçı.

- Sovet hökumətini kim dağıtdı?
- Kökü yox idi, ona görə dağıldı.

- Son illərdə ölkəmizdə namaz qılmağa, Həccə getməyə meyl edənlərin sayı niyə bu qədər çoxalıb?
- Səbəbi odu ki, Sovet dövründə din qadağan idi. Artıq sərbəstlikdi, həm də artıq Həccə getmək əvvəlki kimi əziyyət tələb eləmir. Ən əsası, Allaha inam daha da artıb. Yəqin ondandı.

- Namaz qılmaqla bütün günahlardan azad olmaq olar?
- Namaz qılmaq vacib şərtdir. Namazı qavrayan insan yəqin başqa günahlar işlətməz. Elə insanlar da var ki, reklam xatirinə namaz qılır.

- Özünüz necə, namaz qılırsınız?
- Bəli, qılıram.

- Ərəblər o vaxt bizə İslam dinini qəbul etdirməsəydi, sizcə, indi hansı dinə qulluq edərdik?
- Mən özüm barədə deyə bilərəm ki, siz dediyiniz kimi olsaydı və mən “Quran”ı oxumuş olsaydım, özüm öz istəyimlə İslamı qəbul edərdim.

- Aqata Kristini tanıyırsız?
- Eşitməmişəm.

- Hansı janrda olan filmləri xoşlayırsınız?
- Çətinliklərə sinə gərib, axırda qalib gələnlərin olduğu filmləri.

- Son illərdə bizdə tamaşaçıların zövqünü oxşayan filmlər çəkilmir. Bilmirsiniz, niyə?
- Yəqin maddi durum və yüksək səviyyəli rejissorların olmaması buna imkan vermir.

- “Yahoo” haqda nəsə bilirsiniz?
- Yoox.

- Ən uzun çay Nildi. Bəs ən kiçiyi hansıdır?
- Bizim kənddən keçən çay (gülür).

- Kişilərin qulaqlarına sırğa taxmasına necə baxırsınız?
- Pis. Kişi sırğa taxmaz.

- Bəs saç uzatmaları...
- Saç uzatmaq bir növ idmançılara və şou-biznes adamlarına yaraşandı.

- Şou-bizneslə maraqlanırsınız?
- Vallah, televizora çox baxmağa vaxtım olmur. Amma tanıdıqlarım var.

Mənbə: "KomandA" qəzeti
0