Advokatı Rusiyadan qovdular
10.08.2009 - 11:30
Advokatı Rusiyadan qovdular
Rusiyanın “Zenit” klubunun baş məşqçisi Dik Advokat istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatındakı uğursuz çıxışdan bezən rəhbərlik hollandiyalını qovmaq qərarına gəlib. Rusiya çempionatında “Tom”la görüş Advokat üçün axırıncı olub. Bu matçda 0:2 hesabı ilə uduzan Sankt-Peterburq təmsilçisi 6-cı pilləyə enib.

Klubun yaydığı rəsmi bəyanatda bir vaxtlar komandaya Rusiya çempionluğu və UEFA kuboku qazandıran Advokatın işə münasibətindən narazılıq ifadə olunub: “Təəssüf ki, Advokatın Belçika yığmasına rəhbərlik etmək haqda qərar verməsindən sonra “Zenit”in nəticələri aşkar şəkildə pisləşdi. Belə vəziyyətdə azarkeşlər və klub rəhbərliyi komandanın qərarlaşdığı mövqedən razı qala bilməz”.

İyulun 1-də Belçika milli komandası ilə müqavilə bağlayan mütəxəssisin mövsümün sonunda Rusiyanı tərk edəcəyi elan olunmuşdu. Hollandiyalının yerinə namizədlər sırasında İtaliyanın “İnter” və “Roma” klublarının sabiq çalışdırıcıları Roberto Mançini və Luçano Spalletti, son klubu “Real” olan Xuande Ramos, həmçinin “Qalatasaray” və “Marsel”də məşhurlaşmış Erik Gerets kimi mütəxəssislər yer alıb. Hələlik “Zenit” gənclərdən ibarət komandanın baş məşqçisi Anatoli Davıdova tapşırılıb.

Qeyd edək ki, 2006-cı ildə “Zenit”ə gələn Advokat 2007-ci ildə ölkə çempionu, 2007/08 mövsümündə UEFA kuboku, ötən il isə Rusiya və UEFA Superkubokunu qazanıb.
0