Bu dəfə tarix təkrarlanmadı
10.08.2009 - 13:41
Bu dəfə tarix təkrarlanmadı
Londonun “Çelsi” klubu İngiltərə Superkubokunu qazanıb. Apasport.az saytının məlumatına görə, Karlo Ançelottinin komandası ötən mövsüm çempion tituluna layiq görülmüş “Mançester Yunayted”i məğlub edib.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 10-cu dəqiqədə Naninin hesabı açmasına baxmayaraq, “Çelsi” ikinci hissənin ortalarında Rikardu Karvalyu və Frenk Lempardın qolları sayəsində hesabda önə keçib. Lakin son saniyələrdə Runi tarazlığı bərpa edib. Qalibi müəyyənləşdirmək üçün oyunsonrası penaltilər seriyası təyin olunub.

“Lotereya”da isə “zadəganlar”ın bəxti gətirib - 4:1. Petr Çex “Mançester Yunayted”dən Rayan Giqqz və Patris Evranın penaltilərini dəf edib. Beləliklə, Karlo Ançelotti “Çelsi”nin baş məşqçisi postunda ilk titula sahib çıxıb.

Qeyd edək ki, Çempionlar Liqasının 2007/08 mövsümünün finalında da “Mançester Yunayted”lə “Çelsi”nin qarşılaşmasında əsas vaxt heç-heçə (1:1) bitdiyindən, matçdan sonra penaltilər seriyasına müraciət olunmuşdu. O zaman “qırmızı şeytanlar” 6:5 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının əsas mükafatını qazanmışdılar.
0