Başlamamış başlandı...
10.08.2009 - 14:03
Başlamamış başlandı...
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, çempionatın ilk iki turunda əvvəlcədən planlaşdırıldığı kimi, 6 yox, 4 matç keçiriləcək. Buna Azərbaycanı Avropa Liqasında təmsil edən paytaxtın "Bakı" və Ağdamın "Qarabağ" klublarının xahişi səbəb olub.

Hər iki komanda qitə miqyaslı yarışa daha yaxşı hazırlaşmaq üçün XVIII Azərbaycan Premyer Liqasında keçirəcəkləri I və II tur oyunlarının təxirə salınması xahişi ilə PFL-ə müraciət ediblər. Təmsilçilərimizin ilk dəfə Avropa kuboklarında qrup mərhələsinə düşmək şansının olduğunu nəzərə alan qurum onların müraciətini müsbət cavablandırıb.

PFL I turun "Xəzər-Lənkəran" - "Bakı", "Turan" - "Qarabağ", həmçinin II turun "Bakı" - "Standard" və "Qarabağ" - "Qəbələ" oyunlarının başqa tarixə keçirilməsinə qərar verib.

Qeyd edək ki, Premyer Liqanın təqvimində təxirə salınan oyunlar üçün 3 ehtiyat gün nəzərdə tutulub. Bu 4 qarşılaşmanın 21 oktyabr, 25 noyabr və ya 23 dekabra təyin olunacağı gözlənilir.
0