Platini Ukraynanın qarşısına şərt qoydu
10.08.2009 - 14:35
Platini Ukraynanın qarşısına şərt qoydu
“Ukrayna noyabrın 30-dək üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirməlidir. Əks təqdirdə, 2012-ci il Avropa çempionatının təşkilatçılıq hüququ bu ölkədən alınacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA-nın prezidenti Mişel Platini deyib.

O bildirib ki, indi Ukraynada Avro-2012-yə cəmi 1 şəhəri - paytaxt Kiyevi hazır saymaq mümkündür. Donetsk, Lvov və Xarkov şəhərləri isə yarışa hazır deyil. Eyni zamanda, Kiyevdə də çatışmazlıqlar mövcuddur. Burada mehmanxana, nəqliyyat məsələsi düzəlməyəcəyi təqdirdə, çempionatın finalını keçirmək müşkül məsələyə çevriləcək. UEFA finalın təşkilatçılıq hüququnu Varşavaya verə bilər.

Platini Ukraynanın əleyhinə kifayət qədər sərt çıxış edib: “Əgər biz Ukraynasız keçinmək istəsək, bunu etməyi bacararıq”.

Yeri gəlmişkən, UEFA İcraiyyə Komitəsi Avropa çempionatının oyunlarının keçiriləcəyi Polşanın 4 şəhərini yoxlayıb və müsbət rəy verib.
0