Daha bir oyun təxirə salındı
10.08.2009 - 15:09
Daha bir oyun təxirə salındı
Azərbaycan çempionatının daha bir oyunu təxirə salınıb. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu dəfə “Neftçi” rəhbərliyinin müraciəti müsbət cavablandırılıb.

Lakin flaqman PFL-dən əsas deyil, əvəzedici komandanın oyununun başqa vaxta keçirilməsini xahiş edib. “Neftçi” rəsmiləri bunu əvəzedici heyətin 7 üzvünün U-19-un heyətində beynəlxalq turnirdə, 3 üzvünün isə U-17-nin tərkibində təlim-məşq toplanışında iştirak edəcəyi ilə əlaqələndirib. Müraciəti nəzərə alan PFL Premyer Liqada yarışan klubların əvəzedici heyətlərinin I turu çərçivəsində avqustun 15-də keçirilməli olan "Olimpik-Şüvəlan" - "Neftçi" oyununu təxirə salmaq qərarına gəlib.

Qeyd edək ki, qurum öncə Avroliqada mübarizə aparan “Bakı” və “Qarabağ”ın matçlarını təxirə salıb. Elə bu səbəbdən I turda "Xəzər-Lənkəran" - "Bakı", "Turan" - "Qarabağ", II turda isə "Bakı" - "Standard" və "Qarabağ" - "Qəbələ" oyunları da qeyri-müəyyən vaxta təxirə salınıb.
0