Yoahim Löv: Bakıda hücum futbolu göstərə bilməyəcəyik
10.08.2009 - 15:38
Yoahim Löv: Bakıda hücum futbolu göstərə bilməyəcəyik
“Bakıya cəmi iki hücumçu ilə getməyimiz pis oldu. Belə bir matç üçün ön xətdə iki oyunçunun olması çox azdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

49 yaşlı mütəxəssis avqustun 12-də dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək matç ərəfəsində hücumçu qıtlığından şikayətlənib: “Düzdür, Kaku və Mario Qomeslə yanaşı, Miroslav Kloze də bizimlə Bakıya gedir. Lakin səfərə çıxanadək fərdi məşq edən futbolçunun Azərbaycanla qarşılaşmada oynayacağı inandırıcı deyil. Bütün bunları nəzərə alsaq, səfərdə bizdən gözlənilən hücum oyununu göstərə bilməyəcəyik. Özü də problemlər hücum xətti ilə bitmir”.

Löv Azərbaycan yığmasından ehtiyatlandığını da gizlətməyib: “İlk növbədə rəqibi qiymətləndirməmək düzgün deyil. Onların seçmə mərhələdəki nəticələrinə baxmaq kifayətdir. Azərbaycan milli komandası əksər hallarda uduzsa da, adətən minimal hesabla məğlub olub. Üstəlik, şərait də bizim üçün qeyri-münasibdir. Uzun yolun qət olunması, 3 saatlıq fərq, qızmar isti ilə yanaşı meydanın ot örtüyünün də bizdəki kimi olmadığını düşünürəm. Ən pisi isə Berti Foqtsun bizə qarşı motivasiya ilə hazırlaşmasıdır”.

Bakı səfəri çərçivəsində almaniyalı məşqçini maraqlı bir məqam da narahat edir: “Azərbaycanla tanış olacağım anı səbirsizliklə gözləyirəm. Eyni zamanda çox təəssüflənirəm. Çünki haqqında çox təriflər eşitdiyim Bakını yaxşı gəzib-dolaşa bilməyəcəyəm. Adətən belə olur ki, çox ölkəyə baş çəksək, heç birində yaxşı gəzə bilmirik”.

Hələ də qapıda kimin dayanacağını müəyyənləşdirməyən Löv Frinqsin inciməsinə də münasibət bildirib: “Enke və Vize yığmaya düşmək uğrunda mübarizədə Adlerlə Noyeri üstələdi. Lakin Bakıda həmin iki qapıçıdan hansının meydana çıxacağını hələ bilmirəm. Digər iki qapıçını isə heç kim hesabdan silməsin. Növbəti qarşılaşmaya onların ikisinin gedəcəyi istisna olunmur. Frinqsin inciməyini təbii qəbul edirəm. Yığmaya çağırılmadığına görə üzülüb”.

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.
0