Milli komandamızın məşqçisi dünən, bu gün və sabahdan danışdı
10.08.2009 - 18:55
Milli komandamızın məşqçisi dünən, bu gün və sabahdan danışdı
“Belarusda təşkil olunan bir həftəlik təlim-məşq toplanışında 3 yoldaşlıq görüşü keçirəcəyik. Minsk səfəri 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlıq xarakteri daşıyır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının (U-19) məşqçisi Yaşar Vahabzadə deyib.

İki gündür Belarusda toplanış keçən yığmanın çalışdırıcısı AFFA-nın rəsmi saytına açıqlamasında səfərlə bağlı fikirlərini bildirib: “Minskə avqustun 9-da 16 futbolçu ilə gəlsək də, elə həmin gün U-21 yığması ilə Almaniyada təlim-məşq toplanışında olmuş daha 4 oyunçu heyətimizə qoşuldu. Bundan başqa, iki futbolçumuz – qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Araz Abdullayev əsas yığmanın heyətində Bakıda Almaniya ilə oyuna hazırlaşır. Zədəlilər Tərlan Quliyev və Orxan Həsənov ilk məşqdə komandadan ayrı, fərdi qaydada çalışdılar. Tərlan, yəqin ki, ilk yoldaşlıq görüşündə oynaya biləcək. Şəhriyar Xəlilov isə əməliyyat olunduğundan, ümumiyyətlə, Minskə gəlməyib”.

Vahabzadə yoldaşlıq oyunları və qarşıdakı planlara da toxunub: “Belarusun U-19 yığması ilə iki yoxlama matçında qüvvəmizi sınayacağıq. Güclü komandadır. Onlarla bu ilin yanvarında Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə qarşılaşmışıq. Həmin vaxt bu komandaya 0:1 hesabı ilə uduzmuşduq. Sentyabrda daha bir təlim-məşq toplanışı keçirəcəyimiz istisna deyil. Amma bu məsələ hələ ki dəqiqləşməyib”.
0