Foqts alman jurnalistləri ələ saldı: Gedin, Bakını gəzib-dolaşın...
11.08.2009 - 11:05
Foqts alman jurnalistləri ələ saldı: Gedin, Bakını gəzib-dolaşın...
“Almaniya yığmasında hücumçu problemi çox qabardılır. Mən isə rəqibimizin ehtiyat oyunçular skamyasında oturan və meydana çıxmayan hücumçuların Azərbaycan milli komandasında oynamasını arzulayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

63 yaşlı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında sabah dünya çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Almaniya oyunu ilə bağlı fikirlərini bildirib: “Almanların Bakıya əsas heyəti gətirəcəyini bilirdim. Açığı, çox təəssüflənirəm ki, onlar bizimlə qarşılaşmaya eksperiment kimi yanaşmırlar. Belə olsaydı, bundan yararlana bilərdik. Onlar bizim 3 oyunumuzu izləyib, təhlil ediblər. Almanlar gənc komandamızın nəyə qadir olduğunu gördüyündən əsas heyəti gətirir. Lakin onlara qarşı biz 11 nəfərlə oynamayacağıq. 11 futbolçumuzla yanaşı, 35 min azarkeş də bizimlə olacaq”.

Gənc qapıçı Səlahət Ağayevin yığmada yer almasına münasibət bildirən Foqts qolsuz heç-heçədən danışıb: “Səlahət Ağayev Azərbaycanda deyil, Almaniyada oynasaydı, 1-2 ilə ən yaxşı qapıçı olardı. Onun kimi istedadlar burada çoxdur. Mən Almaniya ilə qarşılaşma haqqında danışarkən heç vaxt gözəl oyundan bəhs etməmişəm. Pis oynayıb yaxşı nəticə qazanmaq istəyirəm. Məsələn 0:0 hesablı oyun. Həm də axı bizim bir üstünlüyümüz var. Biz rəqibin bütün güclü cəhətlərini bilirik. Almaniyalılar isə bizim haqda bu qədər məlumatlı deyillər”.

Foqts almaniyalı jurnalistlərə məsləhət verməyi də zəruri sayıb: “Bakı çox gözəl şəhərdir. Siz jurnalistlərə də şəhəri gəzməyi məsləhət görürəm. Gedib komandanızın məşqini izləməkdənsə, Bakını gəzib-dolaşmağınız məsləhətdir. Buna peşman olmazsınız”.
0