Açıq Əyləncəli Futbol Məktəbləri fəaliyyətə başladı
11.08.2009 - 12:34
Açıq Əyləncəli Futbol Məktəbləri fəaliyyətə başladı
Azərbaycanın daha bir bölgəsində Açıq Əyləncəli Futbol Məktəbi fəaliyyətə başlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu dəfə Ağstafa rayonunda məktəbin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Açıq Əyləncəli Futbol Məktəblərinin Cənubi Qafqaz və Moldova üzrə koordinatoru Valeri Çolariya və Azərbaycan üzrə koordinator Kərim Ağayev çıxış ediblər. Onlar iştirakçılara uğurlar arzulayıblar.

Tədbirdə 200-ə yaxın uşaq, 12 məşqçi və 2 rəhbər iştirak edib. Layihə çərçivəsində fəaliyyət göstərən məşqçi və rəhbərlər Gürcüstanın Çakva şəhərində və Oğuz rayonunda təşkil olunmuş seminarlara qatılıblar.

Qeyd edək ki, Ağstafadan başqa, daha beş bölgədə - Gəncə, Mingəçevir, Sumqayıt, Ağcabədi və Qaxda da bu layihə fəaliyyətə başlayıb.
0