Ballak: Azərbaycanla oyun çətin keçəcək
11.08.2009 - 12:52
Ballak: Azərbaycanla oyun çətin keçəcək
“Azərbaycanla oyunun çətin keçəcəyini bilirəm. Ən əsası səhv etməməyimiz, xal itirməməyimizdir”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya milli komandasının futbolçusu Mixael Ballak bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Sabah Azərbaycan yığmasına qarşı keçiriləcək görüş barədə danışan 33 yaşlı yarımmüdafiəçi milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsu tanıdığını bildirib: “Foqts Almaniya yığmasında işlədiyi vaxt mən heyətdə yer alırdım. Lakin məşq etməklə kifayətlənirdim. Çünki komanda güclü futbolçulardan təşkil olunmuşdu və buna görə əsas heyətə düşə bilmirdim”.

Bir müddət öncə zədə almış Ballak artıq sağaldığını, sabahkı oyuna hazır olduğunu vurğulayıb. O, həmçinin yığmadan kənarda qalan Torsten Frinqsə təsəlli verib: “Mən onunla danışıb, ruhdan düşməməyi məsləhət gördüm. Ona dedim ki, məşq etsin, bu yolla qayıtmaq mümkündür”.
0