Zeynal Məmmədov: Zaur Ramazanov bizim transfer siyahımızda yoxdur
11.08.2009 - 15:59
Zeynal Məmmədov: Zaur Ramazanov bizim transfer siyahımızda yoxdur
“Bakı” rəhbərliyi Rumıniya milli komandasının sabiq futbolçusu Daniel Opritaya dəvət göndərib. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, Vilyam Roşa Batistanın Ukraynanın “Karpatı” komandasına keçidindən sonra hücum xəttindəki boşluğu 28 yaşlı rumıniyalı doldura bilər.

“Opritanı hələ Sloveniyada keçirdiyimiz təlim-məşq toplanışında baxışa çağırıb bəyənmişdik. Sadəcə, həmin vaxt hücumçuya o qədər də ehtiyacımız yox idi. Bu səbəbdən də onu transfer etmədik. İndi isə bu planda vəziyyət tam fərqlidir. Onu bir daha sınaqdan keçirib, qərarımızı verəcəyik. Futbolçu sabah meneceri ilə birlikdə Bakıya gələcək” - deyə Məmmədov vurğulayıb.

Məmmədov dünən 28 yaşını tamamlayan Opritanın Avropa Liqasının “Bazel”lə oyununda meydana çıxacağını istisna etmir. Lakin bunun üçün rumıniyalı “Bakı”da rəqabətdə qalib çıxmalıdır: “Hasan Suari də cümə günü komandanın düşərgəsinə qayıdır. Biz yalnız bir futbolçunu Avropa Liqasının iştirak ərizəsinə əlavə edə bilərik. Suari və Opritadan hansı daha yaxşı formada olacaqsa, onu da sifariş edəcəyik. Zədəsini sağaldan Kristian Muşkalunu da ona görə sifariş etmirik ki, bizə hücumçunun siyahıya daxil edilməsi lazımdır. Zaur Ramazanovun transferi ilə bağlı məndən çox soruşurlar. Onu deyə bilərəm ki, o, bizim transfer siyahımızda yoxdur”.

Qeyd edək ki, peşəkar futbolda ilk addımlarını “Reşita”da (2000-02-ci illər) atan Daniel 5 il Rumıniya futbolunun flaqmanı “Styaua”da çıxış edib. 2002-07-ci illərdə 107 oyuna 15 top vuran hücumçu Rumıniyanın milli komandasına da cəlb olunub. Yığmada 6 oyuna çıxan Oprita 2005-ci il fevralın 9-da Slovakiya ilə yoldaşlıq oyununda qol da vurub. “Styaua”dan sonra Rumıniyada “Dinamo” və UTA-da oynayan Daniel İspaniyanın ikinci dəstəsində mübarizə aparan “Lorka”ya keçib. 2009-cu ilin ilk yarısında isə rumıniyalı İsveçrənin “Arau” komandasının şərəfini qoruyub. Elə həmin çempionatda oynadığı vaxtdan Oprita “Bakı”nın rəqibi “Bazel”i yaxşı tanıyır.
0