Çempionlar Liqasında tarix yazan məşqçi istefaya göndərildi
12.08.2009 - 10:33
Çempionlar Liqasında tarix yazan məşqçi istefaya göndərildi
Belarusun BATE klubunu məğlub edərək, Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinə yüksələn Latviyanın “Ventspils” komandasında gözlənilməz istefa qərarı verilib. Apasport.az saytının məlumatına görə, rəhbərlik “Ventspils”in uğurlarının memarı Roman Qriqorçukla qarşılıqlı razılıq əsasında müqaviləni pozub.

Komandasına 3 dəfə çempionluq, 2 dəfə ölkə kuboku qazandıran çalışdırıcı bu il Latviya klubları üçün görünməmiş nəticə əldə edib. Belə ki, “Ventspils” ən azı Avropa Liqasının qrup mərhələsində oynayacaq. Elə bu uğurdan həvəslənən rəhbərlik daha iddialı çalışdırıcı ilə anlaşmaq qərarına gəlib.

Artıq yeni baş məşqçinin adı məlumdur. İtaliyalı Nunsio Dzavattyeri ilə iki illik müqavilə bağlanılıb. 42 yaşlı mütəxəssis vaxtilə “Milan”, “İnter” və “Udineze” kimi məşhur klubların əvəzedici heyətinin baş məşqçisi işləyib. Çox güman ki, onun “Ventspils”də debüt matçı gələn həftə Çempionlar Liqasının dördüncü təsnifat mərhələsində İsveçrənin “Sürix” klubuna qarşı olacaq.

Qeyd edək ki, “Ventspils” bu ilin yanvarında Moskvada keçirilən “Birlik kuboku” uğrunda yarışda Bakının “İnter” klubuna 0:2 hesabı ilə uduzub.
0