Milli komandamızda qol problemi
12.08.2009 - 11:22
Milli komandamızda qol problemi
“Təlim-məşq toplanışlarında yaşca böyük və səviyyəli komandalarla qarşılaşmağa çalışırıq. Bunun bizim futbolçulara xeyri çoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının məşqçisi Yaşar Vahabzadə deyib.

Belarusun paytaxtı Minskdə yerli “MTZ-RİPO” klubunun əvəzedici heyəti ilə yoldaşlıq oyunu keçirən yığmamızın çalışdırıcısı qarşılaşma ilə bağlı fikirlərini AFFA-nın rəsmi saytına bildirib: “MTZ-RİPO” ilə oyun işimizə yaradı. Uşaqlar meydanda əzmkarlıq nümayiş etdirdilər, özlərindən yaşca böyük futbolçulardan heç də geri qalmadılar. Düzdür, çatışmazlıqlar da var. Məsələn, qol vurmaq problemini qeyd edə bilərəm. Seçmə oyunlara qədər bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq”.

Minsk təmsilçisinin baş məşqçisi Yuri Puntus 0:0 hesabı ilə nəticələnən oyundan sonra yığmamızı bəyəndiyini etiraf edib: “Maraqlı və gərgin oyun oldu. Azərbaycan yığması çox xoşuma gəldi. Yaxşı komandadır. Futbolçularınız xüsusilə taktiki cəhətdən güclü oynadılar”.
0