73 yaşlı Əhməd Ələsgərov məşqçiliyə qayıdır?
12.08.2009 - 14:00
73 yaşlı Əhməd Ələsgərov məşqçiliyə qayıdır?
Azərbaycan milli komandasının və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Əhməd Ələsgərov özünə yeni iş yeri tapa bilər. Apasport.az saytının məlumatına görə, 73 yaşlı mütəxəssis Ukraynanın “Çernomorets” klubunun baş məşqçisi postuna namizəddir.

Odessa təmsilçisinin sabiq çalışdırıcısı Viktor Qrişkonun istefasından sonra Ukrayna mətbuatının hazırladığı namizədlər siyahısına Ələsgərovun da adı daxil edilib. Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisinin zəngin təcrübəsini vurğulayan həmkarlarımız məhz onun “Çernomorets”i SSRİ çempionatının bürünc mükafatçısı etdiyini xatırladıb. “Şerif”in əsasını qoyanlardan biri olması, həmçinin psixoloq kimi ad çıxarması da Ələsgərovun xidmətləri kimi qeyd olunur.

Lakin qocaman məşqçini namizədlər siyahısında üstələyənlər az deyil. Ukrayna yığmasını dünya çempionatının 1/4 finalına çıxarmış Oleq Bloxin, adı bir ara Azərbaycan milli komandası ilə yanaşı hallanan Leonid Buryak, eləcə də Yojef Sabo, Andrey Bal kimi tanınmış futbol adamları baş məşqçi olmağa daha şanslı sayılır. “Neftçi”nin və “Xəzər-Lənkəran”ın sabiq baş məşqçiləri Anatoli Demyanenko və Viktor Pasulko da “Çernomorets“i çalışdırmağa namizəd göstərilir.

Xatırladaq ki, Ələsgərov 1966-cı ildə SSRİ çempionatında “Neftçi”yə bürünc medal qazandırıb.
0