“Bakı” klubunun düşərgəsində daha bir legioner futbolçu - EKSKLÜZİV
12.08.2009 - 14:46
“Bakı” klubunun düşərgəsində daha bir legioner futbolçu - EKSKLÜZİV
“Daniel Oprita Azərbaycana tək gəlməyib. Onunla birgə sizin ölkənizə yollanan daha bir həmyerlim Mihay Pank da “Bakı” klubuna keçə bilər”. Bu sözləri apasport.az saytına eksklüziv açıqlamasında rumıniyalı FİFA agenti Trayan Geortsianu deyib.

Onun bildirdiyinə görə, “Bakı” komandası hücum xəttində yaranan boşluğu aradan qaldırmaq üçün Sloveniyadakı təlim-məşq toplanışında baxışdan keçən Daniel Opritanı yenidən düşərgəyə cəlb etdikdən sonra Avropa Liqasının dördüncü təsnifat mərhələsi ərəfəsində daha bir oyunçunu transfer edə bilər: “Sol cinah müdafiəçisi mövqeyində oynayan Pank zəngin təcrübəyə və hündür boya malikdir. 30 yaşlı futbolçu karyerası ərzində vətənində “Qloriya”, “Ekstensiv”, “Styaua”, “Nasyonal” və “Proqresul”un şərəfini qoruyub. Yenidən “Qloriya”ya qayıdan futbolçu “Bakı”ya kömək edə bilər”.

FİFA agenti Azərbaycanla əlaqələrinin çoxdan qurulduğunu da xatırladıb: “Azərbaycana gələn ilk rumıniyalı Marius Suleapı “Bakı” klubuna mən gətirmişdim. Ardından “Xəzər-Lənkəran”a 4 həmyerlimin keçidində rolum oldu. Bir sözlə, sizin futbola kifayət qədər bələdəm. Düşünürəm ki, həm Oprita, həm də Pank bakılılar üçün faydalı olacaq”.

Qeyd edək ki, boyu 187 sm olan Mihay Rumıniyanın güclülər dəstəsində 119 matça 3, birinci dəstədə keçirdiyi 84 oyuna 8 qol vurub.
0